REGİONLAR


Zərdabda iqtisadiyyatın əsas sahələrində 21,6 faiz çox məhsul istehsal olunub

Zərdab, 7 avqust, AZƏRTAC

Zərdab rayonunda cari ilin birinci yarısında iqtisadiyyatın əsas sahələrində 79 milyon 193 min manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 79 min manat və ya 21,6 faiz çoxdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Zərdabda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda ətraflı danışılıb.

Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin məruzəsində, eləcə də çıxışlarda ümumi məhsulun 44 milyon 138 min manatının və ya 55,7 faizinin aqrar sektorun payına düşdüyü qeyd olunub. Bildirilib ki, rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan taxılçılıqda uğurlu nəticələr qazanılıb. Belə ki, 18 min 715,5 hektar sahədən 62 min 135 ton taxıl istehsal olunub. Bu, ötən ildəkindən 1985 ton çoxdur. Hər hektarın məhsuldarlığı 1 sentner artaraq 33,6 sentner, adambaşına düşən taxılın miqdarı 25 kiloqram çoxalaraq 1 ton 54 kiloqrama çatıb.

Heyvandarlıq sahəsində də yaxşı nəticələr qazanılıb. Belə ki, mal-qaranın baş sayı çoxalıb, bütün göstəricilərə görə məhsul istehsalı artıb. Məruzə və çıxışlarda ixracyönümlü məhsulların istehsalına diqqətin artdığı xüsusilə vurğulanıb. Cari mövsümdə 1750 qutu (33250 qram) ipəkqurdu toxumundan ötən ildəkindən 11 ton 441 kiloqram çox olmaqla 65 ton 321 kiloqram barama tədarük edilərək, respublikada ən yüksək göstəriciyə nail olunub. Kümçülərin arzusu nəzərə alınaraq yayda ikinci partiya ipəkqurdu bəslənilib və yaxşı nəticə gözlənilir.

Hazırda 2264 hektar sahədə pambıq yetişdirilir. Kartofçuluq, çəltikçilik, bostan-tərəvəzçilik sahələrində də nəticələr diqqətəlayiqdir.

Yığıncaqda tikinti-quruculuq və abadlıq işlərindən, ümumtəhsil məktəblərinin, səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qazla təminatı, su təchizatı sahələrində reallaşdırılan layihələrdən danışılıb, habelə qarşıda duran vəzifələr geniş təhlil olunub.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.