CƏMİYYƏT
Zərdabda keçirilən maarifləndirmə tədbirində narkotiklərin sağlamlığa zərərli təsiri barədə məlumat verilib
Bakı, 20 may, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Zərdab rayonunda maarifləndirmə xarakterli tədbir keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun Yeni Azərbaycan Partiyasının sədri, rayon prokuroru, təhsil və polis şöbələrinin əməkdaşları, gənclər idman baş idarəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, narkotik maddələrdən istifadənin risk amilləri, asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumat veriblər.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.