REGİONLAR
Zərdabda körpələr evi-uşaq bağçası üçün yeni bina istifadəyə verilib
Zərdab, 10 sentyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişaf Proqramı” çərçivəsində Zərdab şəhərində müasir arxitektura üslubunda inşa edilən 50 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, istifadəyə verilən yeni binada nümunəvi şərait yaradılıb. Burada lazımi avadanlıqlarla təchiz edilən məşğələ və oyun, tibb, yataq, musiqi və gimnastika otaqları, habelə mətbəx və camaşırxana, digər xidməti otaqlar var. Təlim müəssisəsinin dəhlizini ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara qayğısını əks etdirən guşələr bəzəyir. Metodiki və dərs vəsaitləri, zəruri avadanlıqlar, istilik və soyutma sistemləri ilə təchiz edilən körpələr evinin ətrafı da abadlaşdırılıb. Həyətə asfalt örtüyü vurulub, yaşıllıqlar salınıb, işıqlandırma sistemi və uşaq əyləncə qurğuları quraşdırılıb.
Yeni bağçanın istifadəyə verilməsi münasibətilə sentyabrın 10-da təşkil olunan mərasimdə dövlətimizin, o cümlədən Heydər Əliyev Fondunun sosial-iqtisadi sahələrdə həyata keçirdiyi mühüm layihələrdən söz açılıb. Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi yeni nəslin fiziki və mənəvi inkişafına göstərilən qayğının ən bariz nümunəsidir. Bu cür müasir uşaq bağçasında tərbiyə alan balacaların vətənpərvər və savadlı fərdlər kimi böyümələri, sonrakı təhsil pillələrində böyük uğurlar qazanmaları üçün hər cür imkan vardır.
Açılış mərasimində çıxış edənlər diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra balacalar bilik və bacarıqlarını nümayiş etdiriblər.
Qonaqlar körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.