REGİONLAR
Zərdabda pambıq sahələrinin 1300 hektardan çoxu maşınlarla yığılacaq
Zərdab, 19 sentyabr, AZƏRTAC
Zərdab rayonunda cari mövsümdə 3232 hektarda pambıq yetişdirilib və hazırda məhsul yığımı davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Hər gün tarlalara 5000 nəfərədək işçi qüvvəsi çıxır.
Qeyd edək ki, rayonda məhsulun 1305 hektarı maşınlarla yığılacaq və bunun üçün ciddi hazırlıq işləri aparılır. Maşınla məhsulu toplanacaq “P-Aqro” MMC-yə və “MKTİK” MMC-nin Zərdab filialına məxsus sahələrdə dərmanlama işlərinə başlanıb. Dərmanlama aparılan 254 hektarda yarpaqlar tökülüb, sahələrin maşınla yığıma hazırlığı yekunlaşmaq üzrədir. Məhsul yığımına 7 pambıqyığan kombayn çıxarılacaq.