REGİONLAR
Zərdabda pambıqçılığın və baramaçılığın inkişafı diqqət mərkəzindədir
Zərdab, 28 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin bölgələrdə pambıqçılığın, baramaçılığın inkişafı ilə əlaqədar verdiyi tapşırıqlara müvafiq olaraq Zərdab rayonunda da ənənəvi hesab edilən bu gəlirli sahələrə diqqət artıb. Belə ki, cari mövsümdə rayon üzrə nəzərdə tutulan 20 qutu əvəzinə 150 qutu baramaqurdu toxumu götürülərək peşəkar kümçülər tərəfindən bəslənilib, 5710 kiloqram barama əldə olunaraq “Şəki-ipək” ASC-yə satılıb. Pambıqçılıqda da bu ildən ciddi dönüş yaranıb. Hazırda əkin aparılan 832 hektar sahə aqrotexniki qaydada becərilir və yaxşı məhsul gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Zərdabda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
İstər rayon icra hakimiyyəti başçısının hesabat məruzəsində, istərsə də müzakirələrdə yarım ildə müxtəlif sahələrdə uğurlu nəticələr qazanıldığı diqqətə çatdırılıb. Bildirilib ki, bu müddətdə iqtisadiyyatın əsas sahələrində 54 milyon 861 min manatlıq məhsul istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 385 min manat və ya 8,7 faiz çoxdur.
Hesabat dövründə rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda dinamik inkişaf davam edib. 17007 hektar sahədən 52101 ton taxıl götürülüb ki, bu da keçən ildəkindən 2251 ton çoxdur. Hər hektarın məhsuldarlığı da 0,8 sentner artaraq 30,6 sentnerə çatıb.
Heyvandarlıqda da uğurlu nəticələr qazanılıb. İribuynuzlu mal-qaranın və davarların baş sayı çoxalıb, bütün göstəricilər üzrə məhsul istehsalı artıb.
Bildirilib ki, ötən altı ayda tikinti-quruculuq və abadlıq işlərində də xeyli layihələr həyata keçirilib. 5 kəndə təbii qaz verilib. Hazırda 8 kənd qazlaşdırılır. Əhalinin normal elektrik enerjisi ilə təchizatı, su təminatı üçün ardıcıl tədbirlər görülüb.
Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, habelə qarşıda duran vəzifələrdən də ətraflı danışılıb.