CƏMİYYƏT
Zərdabda yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıb VİDEO
Bakı, 5 dekabr, AZƏRTAC
Zərdab rayonunda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi - rayonun Pərvanlı kəndində yaşayan Fərahim Məmmədovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, COVID-19 virusunun aktiv daşıyıcısı olan həmin şəxs polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara və yaşayış yerini tərk etməmək barədə SMS göndərilməsinə baxmayaraq, bu göstərişlərə əməl etməyib və karantin qaydalarını kobud şəkildə pozub.
Polis əməkdaşları yaşadığı ünvanı bir neçə dəfə tərk edən Fərahim Məmmədovun Pərvanlı kəndinin inzibati ərazisində ictimai yerlərdə olmasını müəyyənləşdiriblər. O, polis əməkdaşları tərəfindən tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. Onun barəsində Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Evdə məcburi müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrindən sanitar-karantin qaydalarına əməl edərək müalicə müddəti bitənədək mənzillərini tərk etməmək tələb olunur. Əks təqdirdə həmin şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəklər.