REGİONLAR
Zərdabın Məlikli və Burunlu kəndləri təbii qazla təmin olunub
Zərdab, 25 oktyabr, AZƏRTAC
Zərdabın Məlikli və Burunlu kəndlərinə təbii qaz verilib. Ümumilikdə 481 abonentin olduğu kəndlərin qazlaşdırılması üçün 36478 metr boru çəkilib, bütün evlərə sayğac quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də yaşayış məntəqələrinə ”mavi yanacağ”ın verilməsi ilə əlaqədar Məlikli kəndində açılış mərasimi keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev sakinləri təbrik edib, bölgədə son illər həyata keçirilən sosial layihələrdən, Prezident İlham Əliyevin ən ucqar yaşayış məntəqələrində belə insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, rayonda bu il 7, ümumiyyətlə isə 29 yaşayış məntəqəsi qazlaşdırılıb. Hazırda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması məqsədilə tədbirlər davam etdirilir.
Kənd sakini Aidə İsmayılova və başqaları sosial qayğılarına göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndlərə təbii qaz verilib.