REGİONLAR


Zərdablılar noyabrda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görürlər

Zərdab, 23 oktyabr, Adil Ağayev, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya poeziyasının nümunələri sırasında özünəməxsus yer tutan mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkək təşəbbüsünü rəğbətlə qarşılayan zərdablılar noyabr ayında keçiriləcək bu kampaniyaya səylə hazırlaşırlar.

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Pərvin Mahmudova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Əsərlərində daim insanın əzəmətini, məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın yubiley münasibətilə bir gündə 650 min ağac əkək təşəbbüsü hər şeydən əvvəl böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycan ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. 650 min ağac əkək təşəbbüsü, həm də doğma diyarımızın gözəlləşməsi, ekoloji təmizlik baxımından da olduqca önəmlidir. Axı, ağac əkmək xeyirxahlıqdır, ekoloji mühitin sağlamlaşdırılması deməkdir. Bu nəcib təşəbbüs ərazisinin coğrafi mövqeyinə, gözəl iqlimi və təbii sərvətlərinin müxtəlifliyinə görə dünyada tayı-bərabəri olmayan Azərbaycanımızın yaşıllıqlar diyarına çevrilməsinə daha bir töhfədir”.

Pərvin Mahmudova sözünə davam edərək deyib ki, indi payız fəslidir, ağac əkməyin gözəl məqamıdır. Düşünürsən ki, bu təşəbbüs reallaşdırıldıqdan sonra diyarımız daha da gözəlləşəcək, düzənliklər, xiyabanlar laləzara dönəcək, gəzməli, görməli yerlərə çevriləcək, əsl istirahət məkanı olacaq. “Təsadüfi deyil ki, zərdablılar noyabrda keçiriləcək genişmiqyaslı ağac əkini kampaniyasına ciddi hazırlıq işləri aparırlar. Rayon icra hakimiyyəti tərəfindən 35 min ağac əkiləcək. Əkin aparılacaq ərazilər müəyyənləşdirilib. Hazırda sahələr təmizlənir, şumlanır, şırımlar çəkilir, çalalar qazılır, üzvi və mineral gübrələrin ehtiyatı yaradılır”, - deyə P.Mahmudova söyləyib.

Qeyd edək ki, Zərdabda hazırda ağac əkini üçün sahələrin hazırlanması işlərinə hər gün 150-dən çox sakin qoşulur. Rayonun böyükdən kiçiyə bütün insanları bu xeyirxah təşəbbüsü razılıqla qarşılayıblar. Yaşadığı Dəli Quşçu kəndinə yaxın ərazilərdə sahələrin ağac əkini üçün hazırlanmasında həvəslə iştirak edən 68 yaşlı Abbas Nağıyev AZƏRTAC-ın müxbirinə deyib: “Bölgəmizin təmizliyini, gözəlliyini düşünən hər bir zərdablı Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bu təşəbbüsünü minnətdarlıqla, rəğbətlə qarşılayıb. Axı, təbiətimizi gələcək nəsillər üçün qorumaq hər birimizin borcudur. Elə buna görədir ki, hər gün ayrılan sahələrə gedir, lazımi hazırlıq işləri görürük. İnşallah ağac əkinində də belə fəallıqla iştirak edəcək, ölkəmizin yaşıllaşmasına öz töhfəmizi verəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.