ELM VƏ TƏHSİL
Zərərli proqram təminatının statik və dinamik analizi metodları tədqiq olunur
Bakı, 22 may, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında magistrant Gülnar Yaqublu “Zərərli proqram təminatının statik və dinamik analizi metodlarının tədqiqi” mövzusunda dissertasiya işini təqdim edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəçi proqram təminatının statik, dinamik və hibrid analizi haqqında danışıb, onların müqayisəli analizini diqqətə çatdırıb, zərərli proqram təminatının növləri və onlardan yayınmaq üçün istifadə edilən metodları diqqətə çatdırıb.
Daha sonra, məruzəçi proqram təminatının dinamik analizinin aparılması metodikasından danışıb, dinamik analiz vasitəsilə çıxarılan əlamətlər barədə məlumat verib. Statik və dinamik analizin tam avtomatlaşdırılması üçün maşın təlimi metodlarının tətbiqinin aktual tədqiqat məsələsi olduğunu qeyd edən məruzəçi zərərli proqram təminatının analizi üçün “Naïve Bayes”, “LightGBM”, “XGBoost”, “CatBoost” maşın təlimi modellərinin tətbiqi ilə müxtəlif eksperimentlərin aparıldığını diqqətə çatdırıb.