REGİONLAR


Zərərvericilər Xaçmazın pomidor sahələrinə ciddi ziyan vurub VİDEO

Xaçmaz, 11 iyul, Elxan Yusifli, AZƏRTAC

Zərərvericilər Xaçmazın pomidor sahələrinə ciddi ziyan vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun əkin sahələrində xüsusi təhlükəli zərərvericilərdən sayılan pomidor sovkası yayılıb.

Təsərrüfatçılar bildirir ki, zərərvericilər pomidor sahələrində məhsuldarlığı 50-60 faiz aşağı salıb. Pomidor tağları zərərvericilərin təsiri nəticəsində zəifləyərək tədricən məhv olur.

Rayonun Aşağı-zeyid kəndində pomidor becərən sahibkar Ələnur Mazayev zərərvericilərin sahələrdə son 10 gündür yayıldığını bildirib. “Qurdların zay etmədiyi pomidor qalmayıb. Yetişməmiş pomidorlar deşik-deşikdir. Tək pomidoru yox, tağlarını da yeyib məhv edirlər. Belə olan halda çəkdiyimiz xərci belə götürə bilməyəcəyik. Çox ziyan dəyib bizə”, - deyə təsərrüfatçı bildirir.

Məhsuldarlığın aşağı düşməsi pomidorun qiymətinin bahalaşmasına səbəb olub. Hazırda xaçmazlı təsərrüfatçılar pomidorun kiloqramını sahədə 1 manata satırlar.

Xaçmazda pomidor yığımı iyulun əvvəlindən başlanılıb. Rayonda əsasən pomidorun “Lajen”, “Sultan”, “Vətən” və “Sevimli” növləri becərilir. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür.

Əsasən yerli bazarlarda satılan Xaçmaz pomidorunun ixrac potensialı da var. Lakin rayonda açıq tarla şəraitində yetişdirilən tərəvəzin çox az hissəsi xaricə göndərilir. Hazırda xaçmazlı təsərrüfatçılar daha çox meyvəçiliyə üstünlük versə də, keçmiş sovet dövründə bu rayonda yetişdirilən pomidor bütün ölkədə məşhur idi.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il Xaçmazda 2056 hektar pomidor sahəsindən 52 min ton məhsul yığılıb. Bu il isə təsərrüfatçılar 2500 hektar sahədə pomidor əkiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.