CƏMİYYƏT
Zərərvericilərlə sirayətlənmiş 500 kiloqram naringi məhv edilib
Bakı, 2 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi fitosanitar nəzarət tədbirləri zamanı “Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasından ölkə ərazisinə idxal edilən naringi məhsuluna baxış keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı məhsulun zərərli orqanizmlərlə sirayətləndiyi müşahidə edilib və zərərli orqanizmlərin təyin olunması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Laborator müayinələri nəticəsində naringi məhsulundan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus unlu yastıcası aşkar olunub. Qeyd etmək lazımdır ki, Sitrus unlu yastıcası respublika üçün xarici karantin hesab edilir və həmin zərərli orqanizm məhsulun keyfiyyətini və görünüşünü aşağı salmaqla yanaşı, respublika ərazisində yayıldığı təqdirdə məhsuldarlığın aşağı düşməsinə, bəzən isə sitrus bitkilərinin tamamilə məhv olmasına səbəb olur.
Xarici karantin hesab edilən zərərli orqanizmin – Sitrus unlu yastıcasının respublika ərazisində yayılmasının qarşısının alınması üçün dərhal fitosanitar tədbirlər həyata keçirilib, zərərli orqanizmlərlə sirayətlənmiş məhsulun məhv edilməsi barədə qərar verilib.
Zərərvericilərlə sirayətlənmiş 500 kiloqram naringi “Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti və agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib.