CƏMİYYƏT


Zərifə Əliyeva xeyirxah əməlləri ilə xalqımızın yaddaşlarında silinməz xatirələrlə yaşayır

Bakı, 26 aprel, AZƏRTAC

Ötən əsrin 60-70-ci illərində gözün infeksion xəstəliklərindən olan traxoma çox geniş yayılmışdı və əhalinin xeyli hissəsi kor olmaq təhlükəsi ilə üzləşmişdi. Həmin vaxtlar akademik Zərifə Əliyeva ölkəmizin tanınmış oftalmoloqları ilə birgə həmin xəstəliyin qarşısının alınmasında müstəsna xidmətlər göstərib. O, 1947-ci ildə Tibb Universitetini fərqlənmə ilə bitirdikdən sonra Moskvada İxtisasartırma kursunu keçəndən sonra traxoma xəstəliyi ilə əlaqədar tədqiqatlarını davam etdirib və bu sahədə ən yaxşı mütəxəssislərdən biri sayılırdı. Təsadüfi deyil ki, o, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın oftalmoloq olub. Əməkdar Elm Xadimi, tibb elmləri doktoru professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xalqımız qarşısında misilsiz xidmətləri olub. SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü və Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini Zərifə Əliyeva xeyirxah əməlləri ilə xalqımızın yaddaşlarında silinməz xatirələrlə yaşayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetində Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı illiyinə həsr olunmuş xatirə tədbirində danışılıb.

Universitetin rektoru, professor Gəray Gəraybəyli dünya şöhrətli oftalmoloq Zərifə Əliyevanın keçdiyi həyat yolu və həkimlik fəaliyyəti dövründəki müalicə üsulları barədə söhbət açıb.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən “Elegiya” sənədli filmi nümayiş etdirilib.

Universitetin oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur akademikin oftalmoloq peşəkarlığı, ana qayğıkeşliyi, insan kimi nəcib və xeyirxah keyfiyyətləri barədə bəhs edərkən deyib: “Zərifə xanım təkcə oftalmologiya sahəsində deyil, dentologiya, tibbi etika barədə də çox maraqlı tədqiqatların müəllifi idi. Onun qələmə aldığı “Yüksək etimad” kitabı bu gün də həkimlərin stolüstü kitabıdır”.

Oftalmologiya kafedrasının dosenti Solmaz Əliyeva və rezidenti Fərid İskəndərov məşhur oftalmoloq-alimin elmi araşdırmaları, monoqrafiyaları, müalicəyə çətin tabe olan xəstəliklər sahəsində apardığı tədqiqatlardan bəhs ediblər. Onlar görkəmli professorun kitablarını bu gün də xeyirxah peşə sahibləri üçün ən yaxşı vəsait olduğunu söyləyiblər.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xeyirxah və nəcib əməlləri ilə hələ sağlığında özünə əbədiyyət heykəli qoymuş görkəmli şəxsiyyət Zərifə Əliyevanın keçdiyi ömür yolunu sonrakı nəsillər üçün böyük örnək olduğunu qeyd edib, alimin xalqımız qarşısında misilsiz xidmətlərini xatırladıb.

Xatirə tədbirində rayonda yaşayan görmə qüsurlu uşaqlara eynəklər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.