MƏDƏNİYYƏT
“Zərli tac kamallı başa yaraşır”
Bakı, 8 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 8-də "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə "Zərli tac kamallı başa yaraşır" adlı tədbirdə ictimai birliyin sədr müavini Həbib Misirov deyib.
Natiq qeyd edib ki, ötən əsrin 90-cı illərində ölkəmizdə yaranmış gərgin ictimai -siyasi durumdan xalqımız məhz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində çıxıb, Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsindən xilas olub.
H.Misirov bildirib ki, ilin əvvəlindən başlayaraq respublikamızda, eləcə də, xaricdə görkəmli dövlət xadiminin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir, Ulu Öndərin zəngin irsi öyrənilir, haqqında kitablar yazılır, məqalələr dərc olunur.
Vurğulanıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev bütün mənalı həyatını, ömrünü xalqımızın rifahına, dövlətçiliyimizin möhkəmləndirilməsinə sərf edib. Bugünkü qüdrətli Azərbaycan da Ulu Öndərin şah əsəridir.
Diqqətə çatdırılıb ki, ötən əsrin 70-ci illərdəki inkişafını öz yaradıcılığında vəsf edən Aşıq Şəmşirin "Zərli tac kamallı başa yaraşır" kitabı da ümummilli liderin o zamankı fəaliyyətinə el məhəbbətinin ifadəsidir.
H.Misirov, həmçinin vurğulayıb ki, bu gün Ulu Öndər tərəfindən başlanılan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz günü-gündən çiçəklənir. Dövlət başçısının ölkəmizə rəhbərlik etdiyi dövrdə respublikamız daha da inkişaf edərək, dünyanın aparıcı dövlətlərindən birinə çevrilib.
Tədbirdə çıxış edən professor Şahlar Əsgərov ümummilli lider Heydər Əliyevin xalqımızın rifahı naminə gördüyü işlərdən, dövlətçilik fəlsəfəsindən söz açaraq, onun Azərbaycan dövlətçiliyilə bağlı söylədiyi məşhur sitatlardan nümunələr gətirib.
Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı, yazıçı –publisist Vəliyəddin İsmayılov və digərləri görkəmli dövlət xadiminin tarixi xidmətlərindən danışaraq, onu Azərbaycan tarixinin ən böyük siyasi xadimi kimi dəyərləndiriblər.
Sonda Aşıq Şəmşirin Heydər Əliyevə həsr etdiyi şerlərin əsasında "Zərli tac kamallı başa yaraşır" videoçarxı nümayiş etdirilib.