İQTİSADİYYAT
Zığ-Əmircan-Yeni Suraxanı yolunun bir hissəsində tikinti işləri yekunlaşır VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsində tikinti işləri yekunlaşmaq üzrədir.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən avtomobil yolunun tikintisi “Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılır.
Burada yolun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir. Avtomobil yolunun sözügedən 5 kilometrlik hissəsi uzun müddət idi ki, təmir olunmur və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranıb. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradıb.
Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılıb. Yolboyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.
Bundan başqa, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hazırda yola yeni asfalt-beton örtüyünün son qatının, aşınma layının döşənməsi işləri aparılır. Yaxın günlər ərzində asfaltlanma işləri tam olaraq yekunlaşdırılacaq. Ümumilikdə yolun hərəkət hissəsi, giriş yollar və səkilər də daxil olmaqla 73 min kvadratmetr sahənin asfaltlanması nəzərdə tutulub.
Asfalt-beton örtüyünün aşınma layının tikintisində istifadə olunan bituma xüsusi adgeziya qatqısı əlavə olunub. Sözügedən maddə səth sularının asfalt-beton örtüyə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzunömürlülüyünü artırır.
Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilərin kənarına 6 min poqonmetr yeni səki daşları düzülüb. Sərnişin avtobuslarının ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün 9 ədəd xüsusi “cib”li avtobus dayanacağı inşa olunub. “Cib”lərin uzunluğu 20 metr, eni isə 3 metrdir. Səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub.
Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.