DÜNYA
Zika virusu ilə mübarizədə geni modifikasiya edilmiş ağcaqanadlardan istifadə olunacaq
Bakı, 6 avqust, AZƏRTAC
ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) “Florida Keys” adalar qrupunun ərazisinə geni modifikasiya olunmuş (GMO) ağcaqanadlar buraxmağa hazırlaşan şirkətə bununla bağlı razılıq verib. Bu cür ağcaqanadların həmin əraziyə göndərilməsinin məqsədi Zika virusu da daxil olmaqla bir sıra yoluxucu xəstəliklərin qarşısını almaqdır.
AZƏRTAC “Popular science” saytına istinadla xəbər verir ki, FDA uzun müzakirələrdən sonra belə bir təşəbbüsün həyata keçirilməsinə icazə verib. Bununla belə, layihənin təşəbbüskarı olan “Oxitec” şirkəti GMO ağcaqanadları müəyyənləşdirilmiş bölgələrə istənilən vaxt buraxa bilməyəcək. Bunun üçün bölgənin yerli strukturlarından da razılıq alınmalıdır.
Şirkət xüsusilə Zika virusunun daşıyıcısı və yoluxucusu olduğu hesab edilən “Aedes aegypti” ağcaqanadlarının geni modifikasiya olunmuş erkək növlərini “Florida Keys” adalar qrupunun ərazisinə buraxacaq. Bu növ körpə ağcaqanadlar reproduktiv yaşa çatmadan onları məhv etmək iqtidarındadır. Bu yolla bölgədəki risk daşıyan ağcaqanadların sayının xeyli azalacağı ehtimal olunur.