İQTİSADİYYAT


Ziqmunt Berdıçovski: Şopinq festivalları Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərəcək

Bakı, 16 oktyabr, AZƏRTAC

Krinisa İqtisadi Forumunun Proqram Şurasının sədri, forumun ilk təsisçilərindən biri Ziqmunt Berdıçovski əmindir ki, Bakı Şopinq Festivalı birmənalı olaraq Azərbaycana turist səfərlərinin artmasına səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri festivalın saytına açıqlama verən Z.Berdıçovski deyib:

“Bu festival sayəsində turist artımı təkcə Azərbaycanda yox, qonşu Gürcüstanda da hiss olunacaq. Festivalın kiçik və orta sahibkarlığın da inkişafına müsbət təsir göstərəcək. Məhz bu sahələr ölkədəki iqtisadi artımın əsasını təşkil etməli və ümummilli gəlirin formalaşmasında vacib rol oynamalıdır”.

Z.Berdıçovski əlavə edib ki, bu layihənin tam effektli olması üçün zamana ehtiyac var. Misal olaraq, o, hazırda rəhbərlik etdiyi Krinisa İqtisadi Forumunun tarixini göstərib: “1991-ci ildə mən Krinisa İqtisadi Forumunu yaradanda forum cəmi 100 nəfəri toplaya bilirdi. İndi isə forumu dünyanın ən müxtəlif bölgələrindən 4500-ə yaxın iştirakçı ziyarət edir”. Amma o, əmindir ki, Bakı Şopinq Festivalının inkişaf etməsi üçün Krinisa forumundan daha az vaxt tələb olunur. İndiyədək Bakıda “Avroviziya” və “Formula-1” kimi mötəbər yarışların yüksək səviyyədə təşkil edildiyini deyən Z.Berdıçovski Azərbaycanı regionda sürətlə inkişaf edən ölkə adlandırıb: “Bununla yanaşı, Azərbaycan başqa mədəniyyətlər, xalqlar, konvensiyalar üçün də açıq, tolerant ölkədir. Bu ölkədə istənilən şəxs özünü təhlükəsizlikdə hiss edir”.

Xatırladaq ki, Z. Berdıçovskinin təsisçisi olduğu Polşanın Krinisa şəhərində keçirilən Krinisa İqtisadi Forumu Davosdan sonra Avropanın ən böyük iqtisadi forumlarından biri hesab edilir. İştirakçılar arasında bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq transmilli şirkətlərin rəhbərləri və menecerləri, beynəlxalq aləmdə tanınmış biznesmenlər və ictimai xadimlər olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.