CƏMİYYƏT


Zirə və Türkan qəsəbələrində 11 kiloqram heroin, marixuana və metamfetamin aşkar edilib VİDEO

Bakı, 14 mart, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının həyata keçirdikləri silsilə əməliyyatlar nəticəsində Zirə və Türkan qəsəbələrində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zirə qəsəbəsində yaşayan İsrafil Hüseynovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı yoxlanılan zaman fakt təsdiqini tapıb. Polis əməkdaşları həmin şəxsi saxlayaraq üzərinə və yaşadığı evin həyətindəki istixanaya baxış keçiriblər. Oradan ümumi çəkisi 10 kiloqram olan heroin, marixuana və metamfetamin aşkar edilib.

İsrafil Hüseynovun əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum edildiyi müəyyənləşdirilib. Həmin şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla Zirə və ətraf qəsəbələrdə satmaq məqsədilə əldə etdiyini bildirib. Keçirilən əməliyyat-texniki tədbirlərlə İsrafil Hüseynovun həmin narkotacirlə olan əlaqəsi və onun narkokuryerlik etmək təklifinə razılıq verməsi tam sübuta yetirilib.

Narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının Türkan qəsəbəsində həyata keçirdikləri digər bir əməliyyat zamanı da həmin ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Baba Pənahov saxlanılıb. Onun üzərinə və evinə baxış keçirilən zaman 1 kiloqramdan artıq heroin aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.