İDMAN
“Zirə”nin qapıçısı klub tarixinin Premyer Liqadakı rekordunu təkrarlayıb
Bakı, 30 noyabr, AZƏRTAC
Bakının “Zirə” futbol klubunun qapıçısı Mateus Albino Premyer Liqada ardıcıl dördüncü quru oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu sonuncu dəfə oktyabrın 18-də “Sumqayıt”la səfər görüşündə (1:2) qol buraxıb. Ardınca “Qarabağ” (0:0), “Səbail” (0:0) və “Sabah”la (1:0) görüşlərdə qapısını toxunulmaz saxlayan qolkiper sonuncularla qarşılaşmanın uzatma dəqiqələrində qırmızı vərəqə alıb. Bu səbəbdən ötən turun “Keşlə” ilə matçını (3:1) buraxan Mateus quru oyunlar seriyasını XI turda davam etdirməli olub. “Neftçi” ilə qarşılaşmada (0:0) da qol buraxmayan Albino ardıcıl dördüncü belə oyununu keçirib.
Braziliyalı futbolçu klub tarixinin Premyer Liqadakı rekordunu təkrarlayıb. 2015/2016-cı il mövsümündə Anar Nəzirov da ardıcıl 4 quru oyun keçirib. O, mövsümün ikinci yarısında “Sumqayıt” (1:0), “Rəvan” (4:0), “Xəzər Lənkəran” (1:0) və “Neftçi” (0:0) ilə matçlarda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Albino “Zirə”də keçirdiyi 9 oyundan beşində qol buraxmayıb.