MƏDƏNİYYƏT
“Zirvəyə gedən yol” adlı videoçarx görkəmli kinorejissor Muxtar Dadaşovun ömür yoluna həsr olunub
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı Azərbaycan kino tarixində iz qoymuş rejissorlardan biri Muxtar Dadaşovun doğum günü ilə bağlı olaraq oxuculara onun kino fəaliyyəti haqqında videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxı kitabxananın “Instagram” səhifəsindən izləyə bilərlər.
Qeyd edək ki, kino tariximizdə layiqli iz qoyan, dərin məzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdan biri də tanınmış rejissor, Xalq artisti Muxtar Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olub. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda, tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəkilişində iştirak edir.
Təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır. 1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin "Oyunçu bağa" hekayəsi əsasında) quruluşçu operatoru olur.
Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman“ povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır. Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Sovet Azərbaycanı”, “Ana yurdum, Azərbaycan”, “Sovet Azərbaycanının 50 illiyi”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.
1998-ci il mayın 7-də vəfat edən sənətkar bu gün də sənətsevərlər tərəfindən hörmət və məhəbbətlə yad edilir. Filmləri xalqımızın milli-mənəvi dəyəri kimi qorunub saxlanılır.