MƏDƏNİYYƏT


Ziya Ağa: Səhnədə yaşadığım hissləri hələ kinoda yaşamamışam

Bakı, 11 fevral, Ceyhun Alışlı, AZƏRTAC

Hər zaman gənc istedadlara önəm verən AZƏRTAC bu dəfə də ənənəsinə sadiqdir. Yeni yaranmış “M.Teatr”ın istedadlı gənc aktyoru, “Məryəm” serialında İlkin obrazının yaradıcısı Ziya Ağa ilə müsahibəni təqdim edirik.

-Gənc aktyor kimi teatr və kino sahəsində uğurlarınız var. Necə düşünürsünüz, kino, yoxsa teatr?

-Sənət fəaliyyətim əvvəldən kino ilə bağlıdır. Teatr sənətinə marağım sonradan həyatıma bir sevgi, gözəllik rəmzi kimi daxil olub. Sevindirici haldır ki, kino sənəti ilə yanaşı, teatr sənətinə də nüfuz edə bilmişəm. Məşhur amerikalı aktyor və prodüser Leonardo Di Kaprionun bir fikrini xatırladım: “Mən kinoda itirdiyim enerjini teatrda bərpa edirəm”. Bir şeyi bilirəm ki, səhnədə yaşadığım hissləri hələ kinoda yaşamamışam.

-Sizi inşaatdan incəsənətə gətirən səbəb nə idi..

-Düz vurğuladınız, ilk ali təhsilimi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində almışam. Hazırda ikinci ali təhsilimi Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyorluğu fakültəsində davam etdirirəm. Teatrla yaxından tanış olduqdan sonra bu qənaətə gəldim ki, təhsilimi Mədəniyyət və İncəsənət Universitetində davam etdirim. Öyrənmək istəyən tələbə üçün bura əlverişli sənət ocağıdır. Aktyorluq sənətinə olan həvəsim və qarşıma qoyduğum məqsədlərim məni bu təhsil ocağına gətirib çıxardı.

-İstedadınız kompleksləri üstələyir, yoxsa kompleksləriniz istedadınızı...

-İstedadım haqqında hələ danışmağın tez olduğunu düşünürəm. Bir şeyi bilirəm ki, səhnədə daha azad ola bilirəm. İstədiyim kimi sevə, nifrət edə, qüruru bir kənara qoyub ağlaya, səbəbsiz yerə hətta bütün dünyanın acığına gülə bilirəm.

-Daha çox hansı sənətkarlardan bəhrələnirsiniz.

-İlk növbədə, məni qolumdan tutub səhnəyə gətirən Əməkdar Artist Vidadi Həsənovdan. Daha sonra sənət yolunda mənə dəstək olan dəyərli şəxsiyyətlər - Oqtay Mehdiyev, Amid Qasımov, Vüqar Hacıyev və Elgün Həmidov kimi sənətkarlardan. Eyni zamanda, universitetdə plastika-pantomima müəllimim olan Əməkdar artistlər Pərviz Məmmədrzayev və kurs rəhbərim Yaqut Paşazadədən öyrənməyə çalışıram. Bir də bizim teatrımızın bir “ana”sı var, Səidə xanım Süleymanova, deyə bilərəm ki, onun stimulu olmasa, mən də olmaram.

-Azərbaycanda teatra, kinoya və seriala maraq hansı səviyyədədir? Sizcə, hər şey tam yerindədir, yoxsa hələ də boşluqlar var?

-Boşluqlar göz qabağındadır. Marağın qənaətbəxş səviyyədə olduğunu düşünürəm. Mənə elə gəlir ki, ölkəmizdə 20 il öncənin teatr kütləsi və tamaşaçısı bərpa olunarsa, küçədə zibil görməyəcəyik.

-Hansı janrda olan filmlərə meyillisiniz?

-Sənət filmlərini daha çox sevirəm. Bəlkə də eqoistliyimlə bağlıdır.

-Xarici ölkələrlə müqayisədə sizcə kinematoqrafiyamızda nə çatışmır? Vəziyyəti müsbətə doğru necə dəyişə bilərik?

-Yaradıcılıqla məşğul olan insanlar vəziyyəti müsbətə doğru dəyişmək potensialına malikdirlər. Bu, istedad məsələsidir. İlk növbədə, kinematoqrafiyamızın əvvəlki fəaliyyətini geri qaytarmalıyıq. Ancaq keçən dəfə bir aşpazdan soruşuram ki, bəs bişirdiyin plovun kişmişi hanı? Deyir ki, “O nə olan şeydir, Məhəmməd?!”

-Kifayat qədər tamaşaçı auditoriyası olan “Məryəm” serialında İlkin obrazını canlandırırsınız. Serialda payınıza düşən rol bölgüsündən razısınızmı?

-Özümdən başqa hər şeydən...

-Bir qədər də gələcək planlarınızın bölgüsündən danışardınız.

-Ruhuma tabe adamam.

-Nə arzunuz var?

-Cinsindən, irqindən, dinindən, əqidəsindən asılı olmayaraq, insanları sevməyi bacarsaydıq, bütün arzularımıza çatardıq.

-Sizə yaradıcılıq axtarışlarında uğurlar arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.