MƏDƏNİYYƏT
Ziya Şıxlinski “Qazax xalçaları” adlı yeni sənədli filmin çəkilişlərinə başlayıb

Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycanlı məşhur sənədli filmlər rejissoru Ziya Şıxlinski “Qazax xalçaları” adlı yeni qısametrajlı sənədli filmin çəkilişlərinə başlayıb.
Bu barədə AZƏRTAC-a rejissor özü məlumat verib. “Nəyə görə məhz Qazax xalçaları?” sualının cavabında Z.Şıxlinski deyib: “Azərbaycan xalçaları bizim millətimizin qürur mənbəyidir. Onlar xaricdə həmişə böyük maraq doğurub. Məsələn, məşhur xalçaşünas Raul Şebul 1971-ci ildə Amerikada “Qazax xalçaları” adlı kitab nəşr etdirib. Bu kitabı mənə mərhum arxitektor Rasim Əfəndiyev göstərmişdi. ABŞ-da bizim xalçalarla bu dərəcədə maraqlanmaları məni heyrətləndirmişdi. Elə o vaxt məndə Qazax xalçaları haqqında, bizim xalçaların məhz bu növünə xaricdə böyük maraq göstərilməsi barədə film çəkmək ideyası yarandı”.
Yazıçı Konan Doylun əsərlərindən birinin qəhrəmanı Qazax xalçalarını xatırlayaraq müsahibinə deyir: “Əgər siz Qazax xalçasını Şirvan xalçasından ayıra bilmirsinizsə, deməli, xalçadan o qədər də başınız çıxmır”.
Filmdə müxtəlif muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılan, rəsm əsərlərində təsvir edilən Qazax xalçaları göstəriləcək. Xalçaların təsvirləri Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqisi və bir neçə dildə titrlərlə müşayiət olunacaq.
Rejissor öz yeni filmini Azərbaycan xalçalarının böyük sərrafı olmuş anası Cəmilə xanım Şıxlinskayanın nurlu xatirəsinə ithaf edib.
Lokal çəkilişlər Qazaxda və Bakıda aparılacaq. Filmin operatoru Yuri Varnavskidir.
Ziya Şıxlinski sovet qoşunlarının Budapeştdə, Novoçerkasskda, Praqada, Əfqanıstan, Almatı, Tbilisi və Bakıda törətdikləri qanlı qırğınla bağlı siyasi hadisələri əhatə edən “Ruslar müharibə istəyirlərmi?” (1990), general Əliağa Şıxlinskiyə həsr edilmiş “Artilleriyanın allahı sayılırdı” (1996), vaxtilə Azərbaycan ərazisində yaşamış almanların həyatından bəhs edən “Bir həsrətin nəğməsi” (1997), Xalq yazıçısı İsmayıl Şıxlıya həsr edilmiş “Ayrılan yollar” (1998), “Şopenin qayıtması” (1998), “Səkkiz dəqiqə yarımlıq düşüncə” (1999), “Doğma diyar” (2003), “Həyat çeşməsi” (2005), “Həyat izləri” (2006), “İbadət” (2007), “Azərbaycan motivləri” (2008), “Azərbaycan musiqisi” (2009), “Dünyaya açılan pəncərə”, Xalq yazıçısı, dramaturq və kinossenarist İmran Qasımova həsr edilmiş “Onun böyük ürəyi” (2010), zəmanəmizin ən yaxşı reportaj fotoqraflarından biri olan Reza Deqatiyə həsr edilmiş “Ürəklə şəkil çəkən rəssam” (2010), “Fotorəssam” (2011), məşhur italyan şairi, yazıçı və ssenarist Tonino Querranın Bakı xatirələrindən bəhs edən “Bu yol hara gedirdi” (2012), 1918-ci il hadisələrinə və Azərbaycan Milli Ordusunun yaradılmasına həsr edilmiş “Ağır illərin xronikası” (2013), Azərbaycanın tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin həyat və fəaliyyətindən bəhs edən “İthaf” (2014) kimi sənədli filmlərin rejissorudur.