Ziya Zakir Acar: Biz iğdırlılar hər zaman ulu öndər Heydər Əliyevə mənəvi cəhətdən borcluyuq
AzerTAg.az
Ankara, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev Türkiyəyə sonsuz məhəbbət bəsləyib. Ulu Öndərin Naxçıvanda qəbul etdiyi tarixi qərarlar ölkəmizin şərq, eləcə də İğdır bölgəsinin inkişafına böyük təsir göstərib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar söyləyib.
Ziya Zakir Acar ulu öndər Heydər Əliyevlə görüşünü ömrünün ən yaddaqalan anları kimi dəyərləndirərək deyib: “İğdıra vilayət statusunun verilməsində Heydər Əliyevin müstəsna xidmətləri var. Biz iğdırlılar hər zaman özümüzü ulu öndər Heydər Əliyevə mənəvi cəhətdən borclu bilmişik. Ulu Öndər Naxçıvana rəhbərlik etdiyi dövrdə də Türkiyədən qəbul etdiyi bütün heyətlərlə, ilk növbədə, Dağlıq Qarabağa humanitar yardım edilməsi məsələsini müzakirə edirdi. O, Azərbaycanda siyasi hakimiyyətə gələndən sonra da İğdırla əlaqələrini kəsmədi. 1994-cü ildə mən İğdır Xalq təhsil şöbəsinin müdiri vəzifəsində işləyirdim. İğdırın ovaxtkı valisi Şəmsəddin Uzunun tapşırığı ilə iki yük maşını dərman tədarük etdik. Yardım karvanı mənim iştirakımla Azərbaycana çatdırıldı. Heydər Əliyev Bakıda məni qəbul etdi. Ulu Öndərin hər bir kəlməsində, bütün hərəkətlərində Türkiyəyə olan tükənməz məhəbbətini görmək həqiqətən xoşbəxtlik idi. Bu görüş ömrümün ən mənalı anlarındandır”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara


Xəbərin mətnində orfoqrafik səhv var