REGİONLAR


Ziyad Səmədzadə: Naxçıvan dinamik inkişaf edən, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımların atıldığı bir diyardır

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

Naxçıvanda mühasiblərin və auditorların VII Avrasiya forumunda iştirak edən respublikamızın və dünyanın bir çox ölkələrinin nümayəndələri, iqtisadçıları ilə birlikdə qədim diyarda gördüklərimiz bizi çox sevindirdi. Naxçıvan Azərbaycanın çox dinamik inkişaf edən, ildən-ilə sosial-iqtisadi göstəricilərini artıran, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımların atıldığı bir diyarıdır. Burada böyük quruculuq işlərinin həyata keçirilməsi hamımızın sevincinə səbəb olur. Bu uğurlar Azərbaycanın ümumi iqtisadi inkişafına böyük töhfə verir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) Məsləhət Şurasının üzvü, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.

Akademik qeyd edib ki, Avrasiya forumu mühüm tədbirdir. Belə ki, bu gün dünyanı narahat edən ən vacib problemlərdən biri şəffaflıq, korrupsiyaya qarşı mübarizə, uçotun şəffaflığının təmin olunmasıdır. Bu istiqamətdə keçirilən forum Prezident İlham Əliyev tərəfindən respublikamızda müəyyən edilmiş inkişaf strategiyasına, heç şübhəsiz ki, müsbət təsirini göstərəcək.

“Naxçıvanlılara bütün bu işlərdə uğurlar arzulayıram. Bu gün biz fəxr edirik ki, qalib ölkənin vətəndaşıyıq. Naxçıvan uzun illər blokadada yaşayıb, çətinliklərlə üzləşib, lakin düşmən naxçıvanlıların iradəsini qıra bilməyib. 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində parlaq qələbənin qazanılmasında naxçıvanlı igid oğullar böyük qəhrəmanlıqlar göstəriblər”, - deyən Ziyad Səmədzadə bildirib ki, heç şübhəsiz, burada gördüklərimizi, şahidi olduğumuz yenilikləri dostlarımıza, bütün Azərbaycan cəmiyyətinə çatdırmaqda da forumun əhəmiyyəti böyükdür.

“Təbii ki, belə beynəlxalq tədbirin Azərbaycanın bu qədim diyarında təşkilinin dərin əsasları var. Əvvəla, burada çox əlverişli ab-hava mövcuddur, Naxçıvanın maliyyə sistemində böyük uğurlar əldə edilib. Forumda da deyildiyi kimi, muxtar respublikada vergi borcu yoxdur. Bu da o deməkdir ki, burada işə məsuliyyət, şəffaflıq var. Şəffaflığın təmin edilməsi üçün muxtar respublika rəhbəri çox böyük işlər görüb. Məhz bütün bu üstün cəhətlərə görə forumun Naxçıvanda keçirilməsi qərara alındı. Tədbir çərçivəsində biz yerli nümayəndələrlə yanaşı, xarici mütəxəssislər də bir daha bu diyarın inkişafını əyani surətdə gördü”, - deyə Ziyad Səmədzadə əlavə edib.

Qeyd edək ki, oktyabrın 18-də Naxçıvanda Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin təmsil olunduğu Mühasiblərin və Auditorların VII Avrasiya Forumu keçirilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.