SİYASƏT
Ziyafət Əsgərov: Əminəm ki, Rusiyada prezident seçkiləri yüksək səviyyədə keçiriləcək
Moskva, 20 fevral, AZƏRTAC
Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova ilə çox məhsuldar görüşümüz oldu. Ona Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə ətraflı məlumat verdim. Biz 11 aprel prezident seçkilərinə hazırlıq məsələlərini müzakirə etdik. Sözsüz ki, Rusiya da digər MDB dövlətləri kimi, Azərbaycanda keçiriləcək prezident seçkilərinə öz müşahidəçi missiyasını göndərəcək. Ella Pamfilova bu vəzifədə yeni olmasına baxmayaraq, seçki prosesinə və bu sahədə Rusiya qanunvericiliyinə yaxşı bələddir. Buna görə də hesab edirəm ki, Rusiyada prezident seçkilərinin keçirilməsində texniki baxımdan heç bir problem yoxdur və əminəm ki, seçkilər yüksək səviyyədə keçiriləcək.
Bu fikirləri Moskvada səfərdə olan Milli Məclis sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun əlaqələndiricisi Ziyafət Əsgərov Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ilə görüşündən sonra AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.
Ziyafət Əsgərov deyib ki, görüş zamanı Ella Pamfilova Rusiyada prezident seçkilərinə hazırlığın gedişi və seçkilərdə istifadə olunacaq yeni səsvermə sistemi barədə məlumat verib. Rusiya MSK-nın sədri ölkə vətəndaşlarının qeydiyyatda olduğu yerdə deyil, faktiki olaraq yaşadıqları yerdə səs vermələri ilə əlaqədar texniki məsələlərin nizama salındığını qeyd edib.
Milli Məclis sədrinin birinci müavini bildirib ki, fevralın 21-də Sankt-Peterburqa səfər edəcək. O deyib ki, MDB Parlamentlərarası Assambleyasında Rusiyada prezident seçkiləri ilə əlaqədar beynəlxalq müşahidəçilər üçün “dəyirmi masa” keçiriləcək. Tədbirdə MDB ölkələrindən ekspertlər, Sankt-Peterburq Administrasiyasının, hökumətinin üzvləri iştirak edəcəklər. Görüşdə MDB PA-nın demokratiyanın inkişafı, parlamentarizm və vətəndaşların seçki hüquqlarına riayət olunması üzrə Beynəlxalq Monitorinq İnstitutundan müşahidəçilərə Rusiyada prezident seçkilərinə hazırlığın uzunmüddətli monitorinqi üzrə ekspert qrupunun işi barədə məlumat veriləcək, qarşıda duran vəzifələr müzakirə olunacaq. Bundan əlavə, Z.Əsgərov Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri V.Makarov ilə də görüşəcək.
Azərbaycanda prezident seçkilərinə hazırlıqdan danışan birinci vitse-spiker hazırlıq prosesinin qaydasında getdiyini qeyd edib. O bildirib ki, bir çox ölkələrin parlamentlərinə və qeyri-parlament təşkilatlarına seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün müraciətlər göndərilib və onların ilkin razılığı alınıb. “Hesab edirəm ki, beynəlxalq təşkilatların kifayət qədər nümayəndəsi Azərbaycanda prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək. Bununla da bağlı heç bir problem yoxdur”, - deyə Z.Əsgərov bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva