ELM VƏ TƏHSİL


Ziyalıların himayədarı olan ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı

Bakı, 5 may, AZƏRTAC

Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən ümummilli lider Heydər Əliyev bu işdə həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 1993-cü il sentyabrın 21-də AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi rəhbər Heydər Əliyev ədəbiyyat insanlarını da həmişə diqqətində saxlayırdı. İstər yazarların, istərsə də ədəbiyyatşünasların əsas dayağı olan Ulu Öndər həm ədəbiyyata bələd olub, həm də ona bu bələdçilikdən irəli gələn sevgi ilə yanaşıb. Bunu Ümummilli Liderin hələ sovet dönəmində yazıçıların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir. Dahi şəxsiyyət Heydər Əliyevin söz adamlarına diqqəti və qayğısı bununla bitmirdi. Ulu Öndər Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəkarına çevrilirdi, ölkənin bütün hüdudlarını əhatə edən ayrı-ayrı bölgələrdə yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. Bu, həm müasir inkişafa, həm də tarixin qorunaraq gələcəyə ötürülməsinə zəmin yaradırdı.

Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Səmanın “Ziyalıların himayədarı olan ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndərin Qazaxda Molla Pənah Vaqifin ev-muzeyinin yaradılması qərarını verməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı. Bu, qədim Şamaxı torpağının hələ orta əsrlərdən söz-sənət yuvası olduğuna bələdçilik və ona qayğının təzahürü demək idi. Tarixə nəzər saldıqda görürük ki, müdrik rəhbər Heydər Əliyev ötən əsrin 60-70-ci illərində olduğu kimi, 80-ci illərdə də ədəbiyyatın keşiyində xüsusi inamla dayanmışdır. 1980-ci il dekabrın 11-də Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev-muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz böyüklük idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. Bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda, məhvindən yarım əsr keçməmiş öz vətəninə təmtəraqlı surətdə təhvil vermək tarixi ədalətsizlik üzərində milli qələbə idi. Heydər Əliyev 1982-ci il yanvarın 15-də Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak edir. Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində xüsusi qeyd ediblər. Bütün bunlarla yanaşı, onun hakimiyyətinin birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu, o dövr üçün yazarlara böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirilir. Həmin dövrdə klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 1973-cü il sentyabrın 13-də İmadəddin Nəsiminin 600 illik yubileyinin Bakı ilə yanaşı, Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda Nəsiminin abidəsi qoyuldu. Qarşıdan bəşəri şair Nizami Gəncəvinin yubileyləri gəlirdi. Bu münasibətlə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması siyasətin ədəbiyyatda qələbəsi idi. Bu, o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycan şairi olaraq öyrənir və təbliğ edirdi. Qərarın icrasından irəli gələrək 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirildi.

Ulu öndər Heydər Əliyev 1980-ci il oktyabrın 27-31-də Bakıda “Ədəbiyyatların dostluğu-xalqların dostluğudur” ümumittifaq konfransını təşkil edərək dünya yazıçılarını bir araya yığmağı bacarmışdı. Bu hadisədən cəmi bir il sonra yazıçıların VII qurultayında Heydər Əliyev birbaşa Cənubi Azərbaycan ədəbiyyatı məsələlərinə toxunur. Bunun təfərrüatlarını Vilayət Quliyevin tərtib etdiyi “Ədəbiyyatın yüksək borcu və amalı” kitabında görmək olur. Sovet dövründə cərəyan edən bu hadisələr müstəqillik illərində anbaan reallaşdırılmaqda davam edirdi. Çünki Cənubi Azərbaycan ədəbiyyatı həmişə Ulu Öndərin diqqətində olan məsələlərdən olub. Bunun nəticəsi olaraq 1997-ci il oktyabrın 29-da “Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalandı.

1990-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsiz müharibənin fəsadlarına baxmayaraq, Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısını azaltmırdı. 1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. 1995-ci ildə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilən “İstiqlal” ordeninə sonralar Məmməd Araz və Xəlil Rza Ulutürk də layiq görüldülər.

Ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi, müstəqillik illərində də yazıçıların qurultayında iştirak edib. 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı yazarlar üçün böyük etimad idi. Həmin qurultayın səmərəli nəticəsi olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan” jurnalları və “Ədəbiyyat qəzeti” dövlət tərəfindən maliyyələşdirilərək nəşr edilməyə başlandı. Müdrik rəhbərin ədəbiyyat sahəsində xidmətlərindən söz düşəndə onun folklora və folklor nümunələrinə biganə olmadığını da söyləmək lazımdır. 1997-2000-ci illərdə “Dədə Qorqud” dastanının Bakı ilə yanaşı, Drezden və UNESCO-da yubileyinin təşkili fikirlərimizi əsaslandırır. 2000-ci ildə “Kitabı-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə həyata keçirilən kütləvi silsilə tədbirlər nəinki folklorşünaslığa, o cümlədən ədəbiyyatşünaslığa böyük təkan verdi. Bu ənənəni davam etdirən Prezident İlham Əliyev 2013-cü il dekabrın 28-də “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” və 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladı. “Dədə Qorqud” eposuna verilən dövlət dəyəri milli kimliyə verilən əvəzolunmaz dəyər idi. Ulu Öndərin bu tipli xidmətlərini nəzərə alan beynəlxalq qurumlar onun fədakarlıqlarını dəyərləndirməyi unutmadılar. 1986-cı ildən təsis edilən Beynəlxalq Atatürk Sülh Mükafatının 1999-cu ildə Heydər Əliyevə verilməsi də həmin dəyərin bir parçasıdır.

Göründüyü kimi, ulu öndər Heydər Əliyev hər bir ədəbiyyat insanına xüsusi qayğı göstərmiş, yeri gəldikcə onların layiqli dəyərlərini almaqlarına birbaşa vəsilə olmuşdur. Bunlarla yanaşı, onun özəl olaraq sevdiyi sənətkarların və əsərlərin də olduğu heç kəsə sirr deyil. Həmin sıraya C.Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Azərbaycan”, M.Şəhriyarın “Heydərbabaya salam”, Ü.Hacıbəylinin “Koroğlu”, H.Cavidin “İblis” əsərləri və “Molla Nəsrəddin” jurnalı daxildir. O, bu sevginin qarşılığını daim öz xalqı tərəfindən hiss edib və bundan ilham alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.