İQTİSADİYYAT
Zöhrab Qədirov: Ələt İqtisadi Zonası Özbəkistanla Azərbaycan arasında nəqliyyat əlaqələri baxımından çox əhəmiyyətlidir
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə nəhəng və mühüm işlər görür. İqtisadi zonalar yaradılıb. Ötən il təməli qoyulan Ələt Azad İqtisadi Zonası da Özbəkistanla Azərbaycan arasında nəqliyyat əlaqələri baxımından çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO rəhbərinin müşaviri Zöhrab Qədirov “Müasir şəraitdə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın perspektivləri” mövzusunda iyunun 28-də keçirilən vebinarda deyib.
Ölkələrimiz arasında ticari mübadilənin həcminin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdıran Z.Qədirov Özbəkistanın investisiya qoyuluşunda da yaxın tərəfdaşımız olduğunu bildirib. Beyin mərkəzlərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub və nəqliyyat, təhlükəsizlik, kənd təsərrüfatı, ipəkçilik sahəsində də əlaqələrin daha da inkişafı üçün böyük imkanların mövcudluğu vurğulanıb.