REGİONLAR
Zona müşavirəsində mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu müzakirə edilib VİDEO
Mingəçevir, 29 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Mayın 29-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində “Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu” mövzusunda zona müşavirəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Gəncə, Samux, Göygöl, Şəmkir, Qazax, Mingəçevir, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Yevlax, Zərdab, Ucar, Tərtər, Goranboy və Kürdəmirdə fəaliyyət göstərən 100-ə yaxın QHT nümayəndəsi və fəal gənclər, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Müşavirədə nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev çıxış edərək, mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolundan danışıblar.
Nazirliyin qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev “QHT-lərlə əməkdaşlıq Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biri kimi”, nazirliyin elm sektorunun müdiri Asif Usubəliyev “Mədəniyyətin inkişafında kreativlik və əməkdaşlıq”, “Gələcəyə körpü” GİB-in nümayəndəsi Cavid Kərimov “QHT-lərin dövlət qurumları ilə əməkdaşlıq istiqamətləri” mövzusunda məruzə ediblər. Məlumat verilib ki, nazirliyin strukturunda həyata keçirilən islahatlar nəticəsində sahə üçün mahiyyət etibarı ilə yeni sayıla biləcək istiqamət müəyyənləşdirilib ki, bu da mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lər ilə əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsindən ibarətdir.
Bildirilib ki, bu istiqamətdə müəyyən təhlillər və araşdırmalar aparılıb, eləcə də, Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli qərarı ilə təsdiq edilən “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası”nın icrasını təmin etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılıb və ilk müsabiqələrlə bağlı elanlar verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci il üçün elan olunan müsabiqəyə qeyri-hökumət təşkilatları tərəfindən 86 layihə göndərilib. Artıq mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2016-ci il üçün müsabiqə elanı da verilib və müsabiqəyə 95 layihə təqdim edilib. Hazırda qaliblərin seçilməsi üçün layihələr Müsabiqə Komissiyasına təqdim edilib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən region QHT-ləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması planlaşdırıb.
Nazirliyin hüquq sektorunun müdiri Namiq Qulamov, regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev layihələrin prioritet mövzuları, təqdimetmə qaydaları, layihələrin formalaşmasında regionların xüsusiyyətlərinin nəzərə alınması, QHT-lərin nazirliklə münasibətlərini tənzimləyən qanunvericilik bazası barədə məlumat veriblər.
Müşavirədə mədəniyyətimizin təbliği işində QHT potensialının təhlili, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış QHT-lərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilə biləcək dəstək və birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması, əməkdaşlıq formalarının müəyyən olunması, gənclərin QHT-lərdə fəallığının artırılması, mövcud istiqamətdə qanunvericilik bazası, eləcə də, QHT-lərin Mingəçevir və ətraf rayonlarda Avropa Oyunlarının təbliği işinə cəlb edilməsi məsələləri müzakirə olunub.
Tədbirdə “Bakı-2015” Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarında iştirak edəcək idmançıların, yarışları izləyəcək qonaqların, turistlərin ölkəmizdən xoş təəssüratlarla qayıtması üçün lazımi işlərin görüldüyü, bu sahədə QHT nümayəndələrinin, gənclərin, mədəniyyət sahəsində çalışan insanların fəallıq nümayiş etdirmələrinin vacibliyi qeyd olunub.