ELM VƏ TƏHSİL
Zoologiya İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələri ilə əməkdaşlıq edəcək
Bakı, 1 mart, AZƏRTAC
Zoologiya İnstitutu ilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzi arasında onlayn formatda görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq institutları ilə birgə aparılacaq tədqiqat işləri, heyvan və bitki xəstəlikləri ilə bağlı problemlərin həlli istiqamətində təkliflər müzakirə olunub.
Tədbirdə Zoologiya İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov çıxış edərək, parazitologiya, zoologiya və entomologiya sahəsində KTN-in müvafiq institutları və eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılması planlaşdırılan tədqiqatlar haqqında məlumat verib. O, “Heyvanların parazit faunasının növ müxtəlifliyinin kompleks tədqiqi, parazitosenozların strukturu, vəhşi heyvanlarla kənd təsərrüfatı heyvanları arasında invaziyanın sirkulyasiya mexanizmlərinin aydınlaşdırılması”, “Kənd təsərrüfatı bitki zərərvericilərinə qarşı bioloji mübarizə məqsədilə səmərəli entomofaqların artırılıb aqrosenozlara buraxılması” və “Arıçılıq təsərrüfatlarında xəstəlik törədicilərinə qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması” mövzuları üzrə tədqiqatlar aparılmasının nəzərdə tutulduğunu vebinar iştirakçılarının diqqətinə çatdırıb.
Görüşdə Aqrar Elm və İnnovasiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Fərman Kərimov, Baytarlıq, Bitki Mühafizə və Texniki Bitkilər, Əkinçilik və Heyvandarlıq Elmi-Tədqiqat institutlarının direktorları və aparıcı mütəxəssisləri iştirak ediblər.
Sonda əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.