ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunda Anım Günü tədbiri təşkil olunub
Bakı, 27 sentyabr, AZƏRTAC
AMEA-nın Zoologiya İnstitutunda 27 sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbirdə institutun elmi işlər üzrə direktor müavini dosent Elşad Əhmədov, Tətbiqi Zoologiya Mərkəzinin müdiri dosent Barat Əhmədov, dosentlər Təvəkkül İsgəndərov, Şükür Quliyev və Qara Fətəliyev, İkinci Qarabağ müharibəsinin iştirakçısı, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunan institutun əməkdaşı mühəndis Kamran Şəfiyev çıxış ediblər. Onlar 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq tək birləşməsindən, ordumuzun işğalçı Ermənistanın 30 il ərzində qurduğu hərbi istehkamları darmadağın edərək, böyük Zəfərə imza atmasından danışıblar.
Sonda şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər tarixi” videoçarx təqdim edilib.