ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunda entomoloji tədqiqata modelləşdirmənin tətbiqi istiqamətində müzakirələr aparılıb
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda entomoloji tədqiqata modelləşdirmənin tətbiqi istiqamətində ilk dəfə aparılan “Yaşıl palıd yarpaqbükəninin (Tortrix viridana L., Tortricidae) çoxillik say dinamikası” mövzusunda işin ilkin nəticələri müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Şeyda Məhərrəmova modelləşdirmənin tədqiqat işinin daha dərindən araşdırılmasında ətraf mühitin, təbiətin və cəmiyyətin dərk edilməsi üçün mühüm tədqiqat vasitəsi olması barədə məlumat verib. O, həmçinin modelləşdirmə üçün entomoloji obyekt kimi seçilmiş meşə-meyvə bitkilərinin ciddi ziyanvericisi olan yaşıl palıd yarpaqbükən kəpənəyi üzərində apardıqları araşdırmalar haqqında danışıb.
Ş.Məhərrəmova diqqətə çatdırıb ki, gələcəkdə bu riyazi modelin daha da təkmilləşdirilərək qida amili, iqlim, parazitoidlə yoluxma, sağqalma və ölüm faizlərinin hesablanması, antropogen amillərin təsiri, ziyanverici populyasiyalarının sayı, zərərvurma dərəcəsinin proqnozlaşdırılması və s. istiqamətlərdə tədqiqatlarda tətbiqi planlaşdırılır.