ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunda paleontoloji tədqiqatlar aparılır

Bakı, 13 sentyabr, AZƏRTAC

İnstitutumuzda paleontoloji tədqiqatlar aparılır. Əvvəlki geoloji dövrlərdə yaşamış, sonradan mühitin dəyişməsi nəticəsində məhv olmuş canlıların qalıqlarını araşdırmaqla onların hansı dəyişikliklərə məruz qaldığını öyrənəcəyik.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

O bildirib ki, Azərbaycan paleontoloji qalıqlar muzeyidir. Azərbaycan ərazisində zəngin paleontoloji qalıqlara malik Qoşqar faunası, Binəqədi faunası, Abşeron faunası var. Bu faunalar həm qiymətli təbiət abidəsidir, həm də maraqlı tədqiqat obyektidir. Azərbaycanda böyük paleontoloji təbiət abidələri var. Təxminən 40-50 min il əvvəl bizim bu ərazilərimiz okeanın dibi olub. Şahdağın 2000 metr yüksəkliyində balıqqulağına rast gəlinir. Burada hətta dişli, dişsiz balinalar da olub. Lakin sonradan qəfil çəkilmələr baş verib. Balinalar buranı tərk edə bilməyib və lilin altında qalaraq daşlaşıb. Belə bir abidə Bakı ətrafındakı Pirəküşkül kəndində tapılmışdı, hazırda Təbiət Tarixi Muzeyində saxlanılır.

“Ötən əsrin əvvəllərində Azərbaycanın güclü paleontoloqları olub. Lakin son 50 ildə bu ənənə itib. Biz bu ənənəni yenidən bərpa etməyə çalışırıq. İtirilmiş ənənəni, məktəbi, imici qaytarmaq üçün biz AMEA-nın dəstəyi ilə Paleozoologiya laboratoriyası yaratdıq. Laboratoriyaya gənc mütəxəssislər cəlb etmişik. Onlar mütəmadi olaraq əməkdaşlıq etdiyimiz xarici mütəxəssislərlə fikir mübadiləsi aparırlar”, - deyə institutun direktoru bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.