ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib.
Tədbiri açan Zoologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən Ələddin Eyvazov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmindən bəhs edib. O bildirib ki, XX əsr Azərbaycan tarixinin əlli ilə yaxın dövrü məhz Heydər Əliyevin şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır.
Daha sonra YAP Yasamal rayonu Zoologiya İnstitutu üzrə İlk partiya təşkilatının sədri Hafiz Muxtarovun “Heydər Əliyev: Azərbaycan dövlətinin müstəqilliyi onun iqtisadi müstəqilliyindən keçir” mövzusunda məruzəsi dinlənilib. O qeyd edib ki, Ümummilli Lider qurtuluş mübarizəsinin qalibi, Azərbaycan dövlətçiliyinin xilaskarı olub.
Zooloji muzeyin baş laborantı Zeynəb Məmmədova “Heydər Əliyevin gənclərlə bağlı kadr siyasəti”, Tətbiqi Zoologiya Mərkəzinin müdiri Barat Əhmədov isə “Heydər Əliyev dünya azərbaycanlılarının misilsiz təəssübkeşidir” mövzusunda məruzələrlə çıxış ediblər.