ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunun əməkdaşı Azərbaycan faunası üçün iki yeni növ aşkar edib

Bakı, 7 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnaz İsmayılova tut bitkisinin zərərvericilərini öyrənmək məqsədilə respublikanın şimal-qərb və şimal-şərq ərazilərində ekspedisiyada olarkən Azərbaycan faunası üçün iki yeni növ aşkar edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, zərərvericilərdən biri Azərbaycanda indiyə qədər qeydə alınmayan “Ricania simulans” (Walker, 1851) (fəsilə-Ricaniidae) cırcırama-kəpənəyidir. Zərərvericinin şimal-qərb rayonlarına Gürcüstan, şimal-şərq rayonlarına isə Rusiya Federasiyası ərazisindən keçdiyi ehtimal olunur. Vətəni Yaponiya və Çin olan bu həşərat növü Koreya, Tayvan, Rusiya, Ukrayna, Gürcüstanda da geniş yayılıb. “Ricania simulans” polifaqdır və yayıldığı ərazilərdə nimfa və yetkin fərdləri, demək olar ki, bütün kənd təsərrüfatı bitkilərinin cavan zoğlarının şirəsi ilə qidalanaraq onlara ciddi zərər vurur. Azərbaycan faunasında yeni qeydə alınmasına baxmayaraq artıq tutdan başqa, əncir, fındıq, cökə, böyürtkən və bəzi tərəvəz bitkiləri üzərində geniş populyasiya sıxlığında müşahidə olunması göstərir ki, “Ricania simulans” gələcəkdə qida spektrini daha da genişləndirərək, qonşu dövlətlərdə olduğu kimi, respublikamızın bitki örtüyü üçün böyük təhlükə yarada bilər. Bu səbəbdən növün bioekoloji xüsusiyyətləri, trofik əlaqələri və Azərbaycanda təbii düşmənlərinin müəyyən edilməsi istiqamətində tədqiqatlar davam etdirilir.

Bundan başqa, tədqiqatçı tərəfindən aşkar olunan, Azərbaycan faunası üçün ikinci yeni növ “Aleuroclava aucubae” (fəsilə -Aleyrodidae) ağqanadlısıdır. Bu, Bakı şəhəri və Qax Damazlıq İpəkçilik stansiyası ərazilərində tut bitkisi üzərində ilk dəfə olaraq qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.