ELM VƏ TƏHSİL
Zooloji tədqiqatların riyazi modeli yaradılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Bu gün dünyada multidissiplinar tədqiqatlara xüsusi önəm verilir. İnsanlar elmləri müxtəlif sahələrə bölüblər. Ümumilikdə götürdükdə təbiət elmləri vahiddir. Əvvəllər də bu elmlər vahid şəkildə öyrənilib. Lakin sonradan əldə olunan məlumatlar o qədər mürəkkəbləşdi ki, onlar müxtəlif sahələrə bölündü. Artıq informasiya cəmiyyətində yaşayırıq. Əldə olunan məlumatların emal texnologiyasının yüksək inkişaf sürəti elmləri kompleks şəkildə öyrənmək zərurətini yaradıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.
O bildirib ki, kompleks araşdırmalar aparmaq üçün Zoologiya İnstitutunda multidissiplinar tədqiqatlara başlanılıb. Həşəratlar üzərində aparılan təcrübə uğurlu nəticə göstərib. Belə ki, yırtıcı həşəratlar digər həşəratlarla qidalanır. Lakin bu yırtıcı həşəratlar tək deyil, onların rəqibləri də var.
“Biz qida üzərində mübarizə və ətraf mühitin buna təsiri faktorunu modelləşdirmişik. Bunun üçün institutda riyazi qrup yaradılıb. Onlar bu prosesin riyazi modelini hazırlayıblar. Riyazi modeldən alınan nəticələri institutun entomoloqları təcrübədə tətbiq edirlər. Riyazi modelin üstünlüyü ondan ibarətdir ki, bu model təkcə həşəratlar üçün deyil. Bunu balıqlara, quşlara, yəni müxtəlif zooloji tədqiqatlara tətbiq etmək olar”, - deyə Elman Yusifov əlavə edib.