CƏMİYYƏT
Zorakı ekstremizmin və radikallaşmanın qarşısının alınmasına dair təlim-seminar keçirilib
Bakı, 13 noyabr, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi zorakı ekstremizmin və radikallaşmanın qarşısının alınmasına dair təlim-seminar keçirib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, interaktiv və məlumatlandırıcı təlim-seminar sosial fenomen olan radikallaşmaya dair məlumatlılığı artırmaq və ekstremizmlə bağlı fərdi həssaslığı müzakirə etmək məqsədi daşıyıb.
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev çıxışında dövlət qurumları, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən təlimin zorakı ekstremizmin qarşısının alınması üçün göstərilən birgə səylərə töhfə verəcəyini qeyd edib. O, təlimin iştirakçılarının lazımi bilik və bacarıqlarını artırmaqla həssas qruplar arasında radikallaşma prosesinin qarşısını almağa kömək edəcəyinə əminliyini bildirib.
Təlim icma dayanıqlılığı və qabaqlayıcı strategiyaların həyata keçirilməsi üzrə böyük britaniyalı mütəxəssis Qaffar Husseyn tərəfindən keçirilib. Təlim bu sahədə çalışan peşəkarları radikallaşmanın ilkin xəbərdaredici əlamətlərini erkən müəyyənləşdirmək və müvafiq addımlar atmaq məqsədilə inam formalaşdırmaq üçün zəruri bilik və əməli alətlərlə təmin edəcək.
Tədbir BMqT-nin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə icra edilən “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində keçirilib.