REGİONLAR
Zorakılığın hər hansı bir forması yolverilməzdir
Astara, 13 may, Bağır Əliyev, AZƏRTAC
Zorakılıq, onun hər bir forması yolverilməzdir və bu, bütün sivil qanunlara ziddir. Amma təəssüflər olsun ki, bu gün cəmiyyətdə zorakılığın hər bir formasına rast gəlinir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər mayın 13-də Astara Pedaqoji Kollecində “Qadınlara və qızlara qarşı zorakılığa son!” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən kollecin direktoru Ağababa İbrahimov ölkəmizdə qadınların hüquqlarının qorunması, zorakılığa qarşı mübarizə istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq, qadın və qızlarımızın cəmiyyətdə daha fəal olmaları üçün yaxşı şərait yaradıldığını bildirib.
Maarifləndirmə tədbirində “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, qadınlara və qızlara qarşı zorakılıqla hamı mübarizə aparmalı və şiddətə məruz qalanlara dəstək göstərilməlidir. Eyni zamanda, bildirilib ki, erkən və məcburi nikahlar yolverilməzdir. Bu cür hallar zorakılığın artmasında mühüm rol oynayır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.