DÜNYA
Zorən qaçqın
Berlin, 9 avqust, AZƏRTAC
Çinli bir turist Avropaya qeyri-adi səyahət edib. O, iki həftə ərzində özü istəmədiyi halda Almaniyanın Dülmen şəhərində qaçqınlar üçün ümumi yataqxanada qalıb. Səbəb də bu olub ki, xarici dil bilməyən 31 yaşlı Çin sakini pul kisəsinin oğurlanması barədə ərizə vermək niyyəti ilə Ştutqart polisinə müraciət edib. Polis bölməsinin əməkdaşları səhvən onu Geydelberqə göndəriblər. Orada çinli turistə Almaniyada sığınacaq verilməsi barədə anket doldurmasını və imzalamasını tapşırıblar. Turist Dortmundda qaçqınların ilkin qəbul məntəqəsinə göndərilib. Viza ilə xarici səfərlərə çıxmaq üçün pasportu əlindən alınmış çinlini qeydiyyata alınmamış qaçqınlarla dolu avtobusa mindiriblər. Avtobus bu adamların hamısını Dülmündə qaçqınlar üçün yataqxanaya aparıb.
Qırmızı Xaç Cəmiyyətinin bu yataqxanaya xidmət edən bölməsinin əməkdaşı özünü təmizə çıxarmaq üçün deyib: “O, çox aciz idi”. Həmin əməkdaşın sözlərinə görə, çinli turist sözəbaxan olub və ona nə desələr, əməl edib. Lakin bir müddətdən sonra əməkdaşlar anlayıblar ki, qaçqınlarla bərabər yataqxanaya gəlmiş bu adam diqqəti cəlb etməyə çalışır. Bundan sonra onlar yerli Çİn restoranlarından birinin əməkdaşını dəvət ediblər. Bu şəxs turistin sözlərini tərcümə edib və məlum olub ki, bu adam qaçqın deyil, turistdir, özü də sığınacaq istəməyə hazırlaşmır: o, İtaliyaya və Fransaya səfər etmək istəyirmiş.
Bu hadisələr zəncirinin bərpası 12 gün çəkib. Qırmızı Xaç Cəmiyyətinin yerli bölməsinin əməkdaşları bir neçə gün ərzində müxtəlif konsulluqlarla əlaqə saxlamağa çalışıblar, lakin heç kəs həmin turisti “özününkü” hesab etməyib. Məsələni çətinləşdirən həm də o idi ki, turistin vizası rəsmiləşdirilərkən səhvə yol verilib, onu məlumat bazalarında izləmək mümkün olmayıb. Lakin vəziyyət aydınlaşdırılandan sonra turistə yeni sənədlər verilib və o səyahətini davam etdirə bilib.
Bir şeyi qəti demək olar ki, çinli turist bu səyahəti uzun müddət yadda saxlayacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin