ELM VƏ TƏHSİL


Zülfiyyə Veysova: Bir gündə 650 min ağacın əkilməsi ekoloji tarazlığın bərpası baxımından əvəzolunmazdır

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü qüdrətli söz ustadının yaradıcılığının özəlliyinə bir daha diqqəti çəkmək cəhətdən müstəsna əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova deyib. O bildirib ki, rəhbərlik etdiyi tədris ocağında “Nəsimi ili” ilə əlaqədar bir sıra tədbirlər keçirilib. Bədii söz sənətində bəşəri fikirləri yüksək poetik dillə ifadə edən dahi şairin yaradıcılığını Bakı Avropa Liseyinin müəllim və şagird kollektivi böyük həvəslə araşdırıb. Bu məqsədlə liseydə ədəbi-bədii gecələr, açıq dərslər, Nəsimi irsinin tədqiqatçıları ilə silsilə görüşlər keçirilib. Belə tədbirlər şagirdlərin sözə və ədəbiyyata maraqlarının artmasına, milli mənəvi dəyərlərimizə hörmətlə yanaşmalarına təkan verib.

Z.Veysova vurğulayıb ki, dünya mədəniyyətinə qiymətli incilər bəxş edən dahi Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü məktəbin pedaqoji və şagird kontingenti tərəfindən təqdirəlayiq və əlamətdar hadisə olaraq böyük rəğbətlə qarşılanıb. Bu humanist təşəbbüs həm ətraf mühitin yaşıl zolağının genişləndirilməsi, həm də ekoloji tarazlığın bərpası baxımından əvəzolunmazdır.

“Ağac əkmək kimi faydalı işə həvəslə yanaşan şagirdlərimiz “Yaşıl dalğa” ekoloji hərəkatı çərçivəsində Azərbaycanın endemik bitkilərinin qorunması və sayının artırılması üçün keçirilən aksiyalarda fəal iştirak ediblər. Belə tədbirlər şagirdlərdə vətənpərvərlik hissinin formalaşmasına, məsuliyyət hissinin artmasına, zəhmətə alışmalarına böyük zəmin yaradır. Xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın irəli sürdüyü humanist təşəbbüs gənc nəslin ekoloji tərbiyəsində xüsusi önəm kəsb edərək, onları Vətənimizin gözəlləşməsi və abadlaşdırılması naminə fəallıq göstərməyə yönəldir”, - deyə Zülfiyyə Veysova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.