CƏMİYYƏT
Zurab Alavidze: Azərbaycandan göndərilən helikopter Borjomi rayonu ərazisindəki yanğının söndürülməsində fəal iştirak edir
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Azərbaycandan göndərilən “Ka 32A” helikopteri və Gürcüstana məxsus iki helikopter bu gün səhərdən Borjomi rayonundakı Tsaqveri kurort qəsəbəsi yaxınlığında (Samtsxe-Cavaxeti regioununda) yanğının söndürülməsi əməliyyatlarında iştirak edir. Yanğın artıq lokallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze “İmedi” televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, sentyabrın 22-dən başlayan yanğın qəsəbənin yaxınlığında 4 hektardan çox ərazini məhv edib. Hazırda yeni yanğının daha geniş ərazilərə yayılma ehtimalı yoxdur. Yanğının söndürülməsi üçün bu gün Türkiyədən də iki helikopter gələcək. Hazırda yanğının söndürülməsində 3 helikopter, 18 yanğınsöndürən maşın, 250 yanğınsöndürən, Daxili İşlər Nazirliyinin xüsusi işlər üzrə 300 əməkdaşı iştirak edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi