İDMAN
Zurab Azmayparaşvili: Bakı Olimpiadasında həm şahmatçılar, həm də qonaqlar üçün ideal şərait yaradılıb VİDEO
Bakı, 5 sentyabr, S.Quliyev, S.Allahverdiyeva, AZƏRTAC
Şadam ki, yenidən Azərbaycandayam. Bura mənim üçün çox doğmadır. Çünki Azərbaycan həm Gürcüstanla qonşudur, həm də məni buraya çox sıx tellər bağlayır. 2009-cu ildə Novi Sadda keçirilən Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət yığma komandasının kapitanı olmuşam və biz həmin turnirdə qalib gəldik. İlklər hər zaman çətin və yaddaqalan olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Baku Crystal Hall”da keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası zamanı Avropa Şahmat İttifaqının (ECU) prezidenti Zurab Azmayparaşvili deyib.
Bakı Olimpiadasından danışan Z.Azmayparaşvili qeyd edib: “Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Georgios Makropulos ötən gün Bakı Şahmat Olimpiadasını ən yaxşı olimpiadalardan biri adlandırdı. Mən həmkarımı qabaqlayıb əminliklə deyə bilərəm ki, Bakı Şahmat Olimpiadası tarixdə ən yaxşı Olimpiadadır. Karyeram ərzində 15-ci olimpiadada iştirak edirəm. Bu yarış təşkilatçılıq baxımından ən yüksək səviyyədədir. Burada həm şahmatçılar, həm də qonaqlar üçün ideal şərait yaradılıb. Bu məni bir qədər həyəcanlandırır. Çünki növbəti Olimpiada Gürcüstanda olacaq. Bizə indidən deyirlər ki, bu Olimpiada ilə ayaqlaşa bilməyəcəksiniz. Buraya bütün komanda ilə gəlmişik. Sərgidə də bizim stendimiz var. Yenilikləri öyrənirik ki, özümüz də bu baxımdan töhfə verək”.
ECU prezidenti Azərbaycan yığması haqqında danışarkən deyib: “Mən Azərbaycan yığmasının kapitanı olanda komanda hələ gənc idi. İndi isə yığmanız formalaşıb, uğur qazanmağa öyrəşib və təcrübəli komandadır. Olimpiadada məni təəccübləndirən komanda isə hələ ki, Gürcüstan yığmasıdır. Çünki gürcü qızlar Filippin komandasına məğlub oldular. Amma Olimpiada böyük marafondur. Bunu nəzərə almaq lazımdır”.
Z.Azmayparaşvili Qəbələdə təlim-məşq toplanışında Gürcüstan və Azərbaycan yığmalarının qarşılaşmasında həmyerlilərinin yaxşı oyun göstərdiklərini vurğulayıb: “Həmin vaxt Gürcüstan yığması 43:57 hesabı ilə məğlub olmuşdu. Amma bu, bizim üçün yaxşı nəticə idi. Gürcüstanın daha böyük hesabla uduzacağını düşünürdük. Teymur Rəcəbov hazırlığın hamısında iştirak etməmişdi. Bəlkə bu, nəticəyə təsir etdi”.