SİYASƏT


Zurab Batiaşvili: Qarabağın minalardan təmizlənmiş əraziləri böyük tikinti meydançasına bənzəyir

Tbilisi, 11 oktyabr, AZƏRTAC

“Keçən ilin bu vaxtı Qarabağda münaqişə yenidən başlamışdı. Mən hadisələri diqqətlə izləyirdim. Ona görə də mən, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərə səfər etdim ki, hər şeyi öz gözlərimlə görüm”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq, Gürcüstanın Rondeli Fondunun mütəxəssisi Zurab Batiaşvili söyləyib.

Politoloq deyib: “Azərbaycan 9 rayon üzərində öz nəzarətini bərpa edib. Biz həmin bölgəyə səfər zamanı 6 rayonda (Şuşa, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Hadrut) olduq. Həmin rayonlarda ilk görülən iş ərazilərin minalardan təmizlənməsidir. Aydın görünür ki, bu, Azərbaycan üçün prioritet məsələdir”.

Onun sözlərinə görə, yalnız Ağdamda 98 min mina tapılaraq zərərsizləşdirilib. Müharibədən sonra təkcə Ağdamda 42 nəfər minaya düşüb. Ona görə də həmin ərazilərə sadə vətəndaşların səfərinə icazə verilmir.

Ermənilərin işğal etdikləri şəhərləri viran qoyduğunu vurğulayan politoloq, hətta Ağdamı Xirosimaya bənzədib: “Ağdamda daş üstə daş qalmayıb, hər tərəfdə xarabalıqlar görünür. Görüntülər adamı dəhşətə gətirir”.

O qeyd edir ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan həmin ərazilərdə sürətli bərpa işləri həyata keçirir. Hazırda Qarabağın minalardan təmizlənmiş əraziləri böyük tikinti meydançasına çevrilib. Bərpa işləri isə əvvəlcədən təsdiqlənmiş plan əsasında həyata keçirilir. Şuşaya gedən magistral yolun tikintisi demək olar ki, başa çatıb. Ağdam və Cəbrayılı birləşdirəcək avtomobil yolunun, eləcə də digər infrastrukturun tikintisi davam edir.

Qarabağda gedən quruculuq və bərpa işlərinə xarici investorların da cəlb olunduğunu diqqətə çatdıran Z.Batiaşvili bildirib ki, Gürcüstan şirkətləri də bu işlərə cəlb oluna bilər. “Bununla bağlı artıq müəyyən danışıqlar aparılır”, - deyə Z.Batiaşvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.