REGİONLAR
Zurab Pataradze: Acarıstan və Naxçıvan arasında əlverişli biznes və investisiya mühiti mövcuddur
Naxçıvan, 2 fevral, Rauf Əliyev, AZƏRTAC
Bu gün Acarıstan və Naxçıvan muxtar respublikaları arasında əlverişli biznes və investisiya mühiti mövcuddur. Hazırda iqtisadi-ticarət, təhsil, mədəniyyət, səhiyyə və nəqliyyat sahəsində əlaqələr inkişaf etdirilir, qarşılıqlı əməkdaşlıq daha da möhkəmlənir. Gələcəkdə Naxçıvanla Batumi arasında hava nəqliyyatı əlaqələrinin yaradılması məsələləri də nəzərdən keçirilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində fevralın 1-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze bildirib.
Zurab Pataradze deyib: “Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında sıx əlaqələr mövcuddur. Səfərimin məqsədi də münasibətlərimizi daha da möhkəmləndirmək, həyata keçirilən layihələrlə yaxından tanış olmaq, gələcək layihələr barədə fikir mübadiləsi aparmaq, Naxçıvan Muxtar Respublikası ilə işgüzar münasibətləri daha da dərinləşdirməkdir”.
O vurğulayıb ki, bu gün Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlaqələr müxtəlif sahələrdə sürətlə inkişaf edir. Bir sıra əhəmiyyətli layihələr həyata keçirilir.
Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən Acarıstan Muxtar Respublikası Hökumətinin sədri səhiyyə sahəsində də əlaqələrin böyük potensiala malik olduğunu bildirib. Acarıstanlı uşaqların müalicə üçün Naxçıvana gətirilməsi qarşılıqlı xoş məramın ifadəsi olmaqla yanaşı, həm də gələcəyimizə göstərilən qayğıdır.
Ötən dövrdə əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdıran Acarıstan Muxtar Respublikası Hökumətinin sədri deyib ki, həm Acarıstan Muxtar Respublikası, həm də Naxçıvan Muxtar Respublikası çox böyük turizm potensialına malikdir. Bu potensialdan qarşılıqlı şəkildə səmərəli istifadə etmək hər iki tərəfə yalnız fayda verə bilər. İnsanların qarşılıqlı səfərləri, bir-birilərinin mədəniyyətlərini daha da yaxından öyrənmələri, səmimi münasibətlər qurmaları gələcəkdə əlaqələrin genişləndirilməsinə töhfə verəcək.
“Mən Naxçıvandan çox zəngin təəssürat aldım və Azərbaycanın bu qədim diyarının son illərdə nə qədər dəyişib inkişaf etdiyini gördüm. Naxçıvan şəhəri çox gözəldir, insanları qonaqpərvər, mehriban və gülərüzdürlər. Bizə göstərilən xoş və səmimi münasibətə görə, Naxçıvan Muxtar Respublikasının rəhbərinə dərin minnətdarlığımı bildirirəm”, - deyə Zurab Pataradze bildirib.