SİYASƏT


Zviad Kvaçantiradze: Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan bu gün güclü nəqliyyat-kommunikasiya dəhlizinə malikdir

Zviad Kvaçantiradze: Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan bu gün güclü nəqliyyat-kommunikasiya dəhlizinə malikdir

Tbilisi, 10 mart, AZƏRTAC

Azərbaycan xalqı çox xoşbəxtdir ki, tarix ona Ulu Öndər Heydər Əliyev kimi dünyamiqyaslı dahi şəxsiyyət, eləcə də xalqının və dövlətinin qarşısında duran çətinlikləri aradan qaldırmaqla, Azərbaycanı qısa bir zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş edib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” (Gürcüstan Respublikası) qəzetində “Heydər Əliyev İpək yolunun bərpasının banisidir” sərlövhəli məqalədə əksini tapıb.

Məqalə Ulu Öndər Heydər Əliyevin 100 İllik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Tbilisidəki “Alyans“ Gənclər Mərkəzinin birgə layihəsi əsasında dərc olunub.

Məqalədə gürcü siyasətçi, 2000-2004-cü illərdə TRASECA Hökumətlərarası Komissiyasının birinci katibi vəzifəsində çalışmış Zviad Kvaçantiradzenin Ulu Öndərlə bağlı maraqlı fikirləri yer alıb.

Azərbaycanda fəaliyyəti dövründə Heydər Əliyevlə bir neçə dəfə görüşdüyünü vurğulayan Kvaçantiradze deyib ki, Ümummilli Liderin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdi. Konfransın yekununda Avropa İttifaqının TRASECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalandı və Bakı Bəyannaməsi qəbul edildi. Sazişə əsasən Zviad Kvaçantiradze Dövlətlərarası Komissiyanın birinci katibi seçilmişdi.

Onun sözlərinə görə, “Əsas Çoxtərəfli Saziş”in müddəalarına uyğun olaraq, TRASECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alındı və 2001-ci il fevralın 21-də katibliyin binasının rəsmi açılışı oldu. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verdi və Heydər Əliyev əsas inkişaf yolunun müəyyənləşdirilməsində mühüm rol oynadı.

Məqalədə katibliyin yerləşdiyi binanın tarixindən də bəhs olunur.

Ulu Öndərin çıxışına əsaslanan fikirdə bildirilir ki, bu bina Azərbaycanın, Bakının memarlıq abidələrindən biridir. Vaxtilə, XX əsrin əvvəllərində Azərbaycanın böyük şəxsiyyəti, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bu binanı yaradıb və burada uzun müddət işləyib.

Z.Kvaçantiradze deyir ki, məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bu gün güclü nəqliyyat və kommunikasiya dəhlizinə malikdir.

Məqalədə bildirilir ki, Heydər Əliyev Gürcüstanla münasibətlərə böyük diqqət yetirirdi və ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. Müdrik və uzaqgörən siyasətçi olan Heydər Əliyev Azərbaycan və gürcü xalqlarının tarixi dostluğuna və mehriban münasibətlərinin daha da inkişafına xidmət edən vacib məqamlara həmişə böyük diqqət yetirib.

“Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı siyasi irs, ata vəsiyyəti Prezident İlham Əliyev tərəfindən layiqincə, şərəflə, inkişaf etdirilməklə həyata keçirilir. Mən Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan daha böyük uğurlara imza atacaq”, – deyə Zviad Kvaçantiradze məqalədə vurğulayır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.