Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

'ÇIRAQQALA’ TARIXI ABIDƏLƏR KOMPLEKSININ BƏRPASI VƏ QORUNMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

Böyük İpək yolunun qorunması məqsədini daşıyan Gilgilçay müdafiə divarının ən yüksək nöqtəsi olan və VI əsrdə tikilmiş ¢Çıraqqala¢ tarixi abidəsi Azərbaycanın tarix və mədəniyyət abidələrinin qorunmasını təmin edən dövlət orqanlarının baxımsızlığı nəticəsində dağılma təhlükəsi ilə üzləşmişdir. Həmin abidənin qorunmasının təmin edilməməsi nəticəsində onun müəyyən hissələri şüurlu surətdə dağıdılmış və boşalmış torpaq sahələri şəxsi tikintinin aparılması üçün istifadə edilmişdir. Azərbaycanın tarixi irsinin və Azərbaycan xalqının memarlıq ənənələrinin mühüm nümunələrindən olan ¢Çıraqqala¢ tarixi abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədi ilə qərara alıram: 1. ¢Çıraqqala¢ tarixi kompleksi tarixi qoruq elan edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: - bir ay müddətində ¢Çıraqqala¢ tarixi qoruğunun xəritəvi təsvirini təsdiq etsin; - Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla ¢Çıraqqala¢ tarixi qoruğunun bərpasına dair tədbirlər planını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin; - ¢Çıraqqala¢ tarixi qoruğunun bərpasının maliyyələşdirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Dəvəçi rayonunun İcra Hakimiyyətinə tapşırılsın ki, ¢Çıraqqala¢ tarixi qoruğunun qorunub saxlanılmasını və mühafizəsini təmin etsinlər. 4. Dəvəçi rayonunun İcra Hakimiyyəti rayonun hüquq-mühafizə orqanları ilə birlikdə ¢Çıraqqala¢ tarixi qoruğunun ərazisində kompleksin bərpası ilə bağlı olmayan hər hansı tikinti işlərinin aparılmasına yol verilməməsini təmin etsin. Heydər ƏLİYEV, Azərbaycan Respublikasının prezidenti. Bakı şəhəri, 23 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin