İQTİSADİYYAT


 BP və tərəfdaşları daha bir layihəni reallaşdırıb

Bakı, 16 fevral, AZƏRTAC

BP və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - SOCAR, “TPAO”, “Petronas”, “Mol”, “LUKoil”, “Nico”, “Equinor”, “Inpex”, “ExxonMobil”, “SGC”, “Itochu”, “ONGC”, “Total”, “Eni” Azərbaycanın aparıcı universitetlərində potensialın yaradılmasına dəstək verilməsi üzrə mühüm təhsil layihəsini uğurla tamamlayıb.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, bu layihə BP və tərəfdaşlarının təhsilin inkişafına və bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstəyi çərçivəsində maliyyələşdirilib. Layihənin məqsədi yerli ali təhsil müəssisələrində layihə idarəetmə bacarıqları yaratmaqdır. Bu məqsədlə seçilmiş 15 universitetin hər birindən üç nümayəndəyə təlimlər keçirilib və onlara 5 aylıq təlim proqramını tamamladıqdan sonra IPMA standartı üzrə beynəlxalq layihə idarəetmə sertifikatı təqdim edilib. IPMA (Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası) layihə menecerlərinin qiymətləndirilməsində dünya lideridir.

Bu layihə sayəsində, iştirakçı universitetlərin artıq D səviyyəli (IPMA qiymətləndirməsinin dörd dərəcəsindən biri) Layihə İdarəetmə Mütəxəssisi sertifikatına malik layihə menecerlərindən ibarət heyətləri mövcuddur. Layihə çərçivəsində, həmçinin layihə menecerləri üçün Azərbaycan dilində yeni kitab da nəşr edilib.

BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Təhsilə dəstəyimiz çərçivəsində biz bir sıra yerli universistetlərlə müxtəlif layihələr üzrə əməkdaşlıq edərək onlara təhsilin keyfiyyətini artırmaq üçün lazım olacaq bacarıqların və potensialın yaradılması və inkişaf etdirilməsi yönümündə dəstək veririk. Bu cür birgə layihələrin səmərəli icrası üçün şübhəsiz ki, ümumi icra prosesinə, o cümlədən büdcənin idarə edilməsinə və maliyyə hesabatlılığına cavabdeh olacaq xüsusi layihə menecerləri tələb olunur. Biz sevinirik ki, indi artıq 15 yerli universitetin beynəlxalq sertifikatlı mütəxəssislərdən təşkil olunmuş xüsusi peşəkar layihə idarəetmə heyətləri var. Bu, həmin universitetlərin milli və beynəlxalq təşkilatlarla olan birgə layihələrini səmərəli şəkildə idarə etməsinə və bununla da təhsilin keyfiyyətinin artırılmasına dəstək olaraq öz əməkdaşlıqlarını genişləndirməsinə imkan yaradacaq”.

Layihənin dəyəri 75 min 902 AZN-dir və icrası Layihə İdarəetmə Assosiasiyası tərəfindən həyata keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.