İQTİSADİYYAT


® Dahi Nizaminin əsərləri artıq rəqəmsal formatda

“Azercell” görkəmli şairin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident İlham Əliyevin Sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan edilib. Ölkənin lider mobil operatoru “Azercell Telekom” mədəniyyət tariximizdə bu əhəmiyyətli hadisəni layiqincə qeyd etmək üçün növbəti layihəsini təqdim edib.

Həm yerli, həm də xarici oxucuları Şərqin ən böyük şairinin yaradıcılığı ilə tanış etmək üçün “Azercell” Nizami əsərlərinin ən sevilən nümunələrini rəqəmsal mütaliə vasitələrilə təbliğ etmək təşəbbüsü ilə çıxış edir. Beləliklə, “Azercell”in dəstəyilə Nizaminin 40-dan çox seçilmiş fəlsəfi və lirik məzmunlu müxtəlif ölçülü əsərləri Azərbaycan, rus, ingilis, fransız və türk dillərində “Bookmate” proqramının “Audiobook” bölməsinə yerləşdiriləcək. Audio faylların hazırlanmasında digər bir özəl xüsusiyyət onların orijinal fon musiqiləri ilə təqdim olunmasıdır. Ud, tar, kamança və digər qədim musiqi alətlərinin müşayiəti ilə dil daşıyıcıları tərəfindən səsləndiriləcək poeziya nümunələri daha təsirli və xalqımızın mədəni irsi baxımından daha mütəşəkkil ifadə olunacaq.

“Azercell” tərəfindən daha bir maraqlı yenilik isə layihə çərçivəsində Nizami Gəncəvinin iki əsərinin: “Kərpickəsən kişinin dastanı” və “Adil Nuşirəvan ilə vəzirin hekayəti” əsərlərinə komiks janrında şəkillərin çəkilməsi və komiks toplusundan ibarət kitabın tərtib edilməsidir. Həmin komikslər də Azərbaycan, rus və ingilis dillərində adaptə ediləcək.

Nizami Gəncəvinin əsərlərindən öncə “Azercell” rəqəmsal kitabxana üçün İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə şair və filosofun seçmə qəzəllərini, “Koroğlu” dastanının 10 qolunu və müxtəlif klassik müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq “Bookmate” tətbiqinə yükləyib.

Qeyd edək ki, “Azercell” abunəçiləri üçün xüsusi endirimlə təqdim olunan “Bookmate” rəqəmsal platforması vasitəsilə lider operator Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılmasına xidmət edən layihələr gerçəkləşdirir. “Azercell”in müasir cəmiyyətin tələbatına və yaşam tərzinə uyğun formatda hazırladığı ədəbi məzmun ölkədə, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafı və Azərbaycanın ədəbi irsinin dünyanın istənilən nöqtəsində müxtəlif dillərdə daha əlçatan olmasına xidmət edir.

Xatırladaq ki, şairin zəngin irsinin təbliği məqsədilə “Azercell” bundan öncə Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba da işləyib hazırlayıb. Həmin əlifba sosial şəbəkələrdə geniş yayılaraq istifadəçilər arasında populyarlıq qazanmışdır.

“Nizami Gəncəvi İli” ərzində “Azercell” şirkətinin təqdimatında audiokitab və komikslər yeni formatda təqdim olunmağa davam edəcək. “Bookmate” tətbiqinə abunə olmaq, eləcə də “Azercell Telekom”un fəaliyyətini mətbuat və sosial media platformaları üzərindən izləməklə siz də bu yeniliklərdən faydalana biləcəksiniz.

Rəqəmsal kitabxana “Bookmate” haqqında daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html 

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 94,25 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 98,73 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” “İnsana Sərmayə Platin Sertifikatı”na layiq görülən yeganə şirkətdir. Eyni zamanda, “Beynəlxalq Biznes STEVIE Mükafatları”nın “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.