SİYASƏT
Professor Eva Maria Aux: Azərbaycanı tanımaq və sevmək üçün onu görmək lazımdır VİDEO
Bakı, 21 noyabr, Səlahət Yusifov, AZƏRTAC
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
-Xanım professor, Siz Azərbaycanda tez-tez olursunuz. Bu dəfəki səfərinizin məqsədi barədə məlumat verməyinizi istərdik.
-Qeyd etdiyiniz kimi, Azərbaycanda tez-tez səfərlərdə oluram. Uzun zamandır ki, Azərbaycanla sıx əlaqələr saxlayıram. Hazırkı səfərimin məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda keçirilən “QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri” mövzusunda beynəlxalq konfransda iştirakımla bağlıdır. Eyni zamanda qeyd etmək istərdim ki, Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Almaniya mediasında” tədqiqat layihəsi reallaşdırıb. Səfər çərçivəsində həmin layihənin nəticələri barədə də hesabat verdim. Layihəyə uyğun olaraq, münaqişənin başlandığı 1988-ci ildən 2008-ci ilədək 20 il ərzində Dağlıq Qarabağ mövzusunda bütün materiallar toplanaraq təhlil olunub. Almaniyada əhalinin 46 faizi xəbərləri qəzet və jurnallardan əldə edir. Almaniyalı oxucular internetden, televiziyadan daha çox çap məhsullarına üstünlük verir və etibar edirlər. Bu baxımdan təhlillər əsasən ictimai rəyin formalaşmasında mühüm təsir gücünə malik olan “Frankfurter Allgemeine”, “neues deutschland” qəzetlərində, “Der Spiegel” və “Die Zeit” həftəlik jurnallarında aparılıb. 1992-ci ildə münaqişə ilə bağlı daha çox material dərc olunduğu aşkarlanıb. Ümumilikdə “Der Spiegel” jurnalı 48, “Die Zeit” jurnalı 41, “Frankfurter Allgemeine” qəzeti 1.156, “Neues deutschland” qəzeti 616 yazı dərc edib.
-Azərbaycan ilə Almaniya arasında əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Bu əlaqələrin daha da dərinləşdirilməsi üçün daha hansı imkanlar mövcuddur?
-Ölkələr arasında əlaqələr müxtəlif formatda və səviyyələrdə ola bilər. Əməkdaşlıq siyasi, iqtisadi, mədəni, idman və digər sahələri əhatə edə bilər. Gələn il Bakıda ilk Avropa Oyunları keçiriləcək. Bu baxımdan Almaniya ilə Azərbaycan arasında əlaqələri idman sahəsində daha genişləndirmək olar. Azərbaycanda gedən inkişaf prosesləri barədə Almaniya ictimaiyyətini məlumatlandırmaq üçün təqdimatlar keçirmək mümkündür. İqtisadi sahədə yaxşı əlaqələr qurulub. Azərbaycan regionda yeganə ölkədir ki, Rusiya ilə yanaşı, Almaniyanın da burada Xarici Ticarət Palatası fəaliyyət göstərir. Bu da bizim iqtisadi əlaqələrimizin geniş miqyas almasının göstəricisidir. Ölkələrimiz arasında siyasi əlaqələrə gədikdə isə, Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin Azərbaycana bu yaxınlarda etdiyi səfəri xatırlatmaq yerinə düşərdi.
Azərbaycan xalqı zəngin tarixə, mədəniyyətə, bənzəri olmayan dini dözümlüyə və yüksək qonaqpərvərliyə malik bir xalqdır. Bu kimi dəyərləri Almaniya ictimaiyyətinə çatdırmaq istiqamətində səylər daha da gücləndirilməlidir. Dərin tarixi köklərə malik olan Azərbaycan-Almaniya əlaqələrinin daha inkişaf etdirilməsi üçün siyasi, elmi, iqtisadi, idman və mədəniyyət sahələrində böyük potensial mövcuddur.
-Siz Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professorusunuz. Kafedranın fəaliyyəti barədə məlumatınız da oxucular üçün maraqlı olardı.
-Berlin Humboldt Universiteti Avropanın və Almaniyanın ən nüfuzlu elmi mərkəzlərindən, təhsil ocaqlarından biridir. Bu ali məktəbdə təxminən 60 min tələbənin təhsil aldığını nəzərə alsaq, Azərbaycan Hökumətinin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının yaradılması barədə qərarını düzgün seçim hesab etmək olar. Azərbaycan tarixini öyrənən tələbələrim arasında Potsdam, Brandenburq və Azad Berlin universitetlərindən olan tələbələr var. Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının və dilinin təbliği istiqamətində kafedra tərəfindən müxtəlif layihələr də həyata keçirilir. 22 professorun çalışdığı tarix institutunda tələbələrə Azərbaycan tarixi barədə maraqlı mühazirələr oxunur, seminarlar keçirilir və ustad dərsləri təşkil edilir. Bununla yanaşı, geniş tədqiqat işləri də aparılır. Azərbaycanın Almaniyadakı səfirliyi kafedranın fəaliyyətinə intensiv dəstək göstərir. Diasporla da müntəzəm əlaqələr saxlanılır. Azərbaycan Qafqaz regionun ən böyük və inkişaf edən ölkəsidir. Bu anlamda kafedraya maraq böyükdür.
-Azərbaycan tarixini öyrənən alman tələbələr üçün Azərbaycana səfərlər təşkil edilirmi?
-Kafedramız Bakı Slavyan Universiteti ilə yay məktəbi layihəsi həyata keçirib. Həqiqətən çox məmnunam ki, layihə çərçivəsində Azərbaycana səfər edən 20 tələbədən 12-i hazırda Azərbaycan tarixini araşdırmaqla məşğuldur. Azərbaycanı tanımaq və sevmək üçün bu ölkə haqqında təkcə oxumaq kifayət deyil, eyni zamanda onu görmək lazımdır. Hər zaman tələbələrimə bu hissi aşılamağa çalışıram.
-Bakı haqqında təəssüratlarınızı bizimlə bölüşmək istərdinizmi?
-Məmnuniyyətlə bölüşərəm. Son dövrlər Bakı tanınmaz dərəcə dəyişib. Sanki insana Berlini, Dubayı, Londonu, Parisi xatırladır. Müasir Bakının rəmzi sayılan “Alov qüllələri” Azərbaycan paytaxtının inkişafının əyani sübutudur. Bir tarixçi kimi gənc yaşlarımdan Bakının vurğunu olduğumdan bu şəhərin qədim, sirrlərlə dolu tarixi məkanlarını gəzib-dolaşmaqdan doymuram.