MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası Aşıq Ələsgərin yaradıcılığına həsr edilmiş elektron məlumat bazası hazırlayıb
Bakı, 30 avqust, AZƏRTAC
“Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Respublika Gənclər Kitabxanası ustad aşığa həsr olunmuş silsilə tədbirlərini davam etdirir. Söz ustadının həyat və yaradıcılığına həsr edilən 3 dildə hazırlanan videoçarxlar, onlayn təşkil edilən “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” adlı tədbir və “Qüdrətli söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisindən sonra Respublika Gənclər Kitabxanası qüdrətli söz ustadının həyat və yaradıcılığına həsr edilmiş “Təbiət aşiqi, gözəllik vurğunu-söz ustadı Ələsgər” adlı elektron məlumat bazasını izləyicilərinə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bazada Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, Azərbaycan ədəbiyyatının görkəmli simalarının ustad haqqında söylədikləri fikirlər yer alır. Həmçinin təqdim edilən materialda Aşıq Ələsgərin yaradıcılığından nümunələr göstərilib, müəllifi olduğu əsərlərin toplandığı kitab və mətbuat orqanlarında çıxan məqalələrin, sözlərinə yazılan musiqilərin siyahıları təqdim edilib. Aşıq Ələsgərin yaradıcılıq nümunələrinin fars, alman, gürcü və türk dillərində olan tərcümələrinin mənbələri də məlumat bazasında yer alıb. Ustad aşığın xatirəsinin əbədiləşməsi, filmoqrafiya və videoqalereyası da təqdim edilib. Hazırlanan elektron bazada məlumatlar həm Azərbaycan, həm də rus dilində təqdim edilib.
İzləyicilər elektron məlumat bazası ilə http://ryl.az/ashiq_elesger_el_melumat_bazasi/index.html linki vasitəsi ilə tanış ola bilərlər.