Ulu Öndər Azərbaycan xalqı qarşısında xidmətləri ilə tariximizin yeni səhifələrini yazıb
AzerTAg.az
Bakı, 11 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Qəlbimizdə yaşayan Ulu Öndər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İ.Əbilov adına Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova Azərbaycan Respublikasının qorunması və möhkəmləndirilməsində fenomenal şəxsiyyət Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən söz açıb.
Qeyd edək ki, mərkəzin əməkdaşları tədbirin davamında azərbaycançılıq məfkurəsinin formalaşması və genişlənməsində ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində ölkəmiz sürətlə inkişaf edərək, mədəni, iqtisadi yüksəliş baş verib. Müstəqillik dövründə Heydər Əliyev Azərbaycan xalqı qarşısında xidmətləri ilə tariximizin yeni səhifələrini yazıb. O, xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşdirərək müstəqil Azərbaycanı yeni inkişaf yoluna çıxarıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Qəlbimizdə yaşayan Ulu Öndər” mövzusunda tədbir ulu öndər haqqında xatirələrlə yekunlaşıb.

Xəbərin mətnində orfoqrafik səhv var