İDMAN
® Valorant oyunu üzrə “İstiqlal” turniri keçiriləcək
Bakı, 21 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
“Gaming League Azerbaijan”ın təşkilatçılığı, Azərbaycan Kiber İdman Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə valorant oyunu üzrə “İstiqlal” turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, reqlamentə əsasən, 20 komandanın iştirak edəcəyi yarışda Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Turnirdə 100-ə yaxın oyunçunun mübarizə aparacağı gözlənilir.
“İstiqlal” turniri sentyabrın 23-də start götürəcək və oktyabrın 8-də yekunlaşacaq. Oyunlar saat 19:00-da başlayacaq. Yarışları “Glahub twitch” kanalında izləmək mümkün olacaq.
Məlumat üçün bildirək ki, “Gaming League Azerbaijan” daim əlamətdar günlərə həsr olunan tədbirlər keçirir. GLA ötən il Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsinə həsr olunan “Xarıbülbül” adlı beynəlxalq turnir təşkil edib.
Valorant oyunu ötən ilin yayında yaranıb və qısa müddətdə böyük populyarlıq qazanıb. Cari ilin avqustunda bu kiber idman növü üzrə keçirilən ilk beynəlxalq yarışın qalibi məhz Azərbaycan komandası “GMT esports” olub. Son illər ölkədə kiber idmana yüksək marağın nəticəsində komandaların sayı artır. Yeni yaranan klublardan biri “Fireland” adlanır.
Qeyd edək ki, Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.